ZƏLİMXAN YAQUB YARADICILIĞINDA “İLAHİ EŞQ” ANLAYIŞI VƏ CƏMİYYƏTİN FORMALAŞMASINDA ROLU


Kainatın yaradılışı ilə hər şey öz təzadları ilə, əks tezisləri ilə, düşüncə və fəlsəfəsi ilə var edilmişdir. Burada “hər şey” sözünü daha yaxşı ifadə etmək üçün “Allahdan (c.c) başqa heç bir şey tək deyildir” desək, yerinə düşər. İnsanın bu cür qarışıq, mürəkkəb və dolanbaclı həyat yollarında dünyanı tam dərk etməsi və qavraması heç də asan deylidir. Hətta demək olar ki, bəşər tarixində peyğəmbərlərdən başqa heç bir insan övladı buna nail ola bilməmişdir. Lakin insan bu çətinlikdən və mürəkkəblikdən bezməməli, zülmətə sürüklənməməli, tam əksinə, hər dəfə öyrəndikcə, yeni bir düyünü açdıqca, həyatın bir zərrəsini kəşf etdikcə, bu heyrətamiz hikmətləri dərk edib pillə-pillə (Allaha doğru) yüksəlməli və bu mənəvi mərtəbələrin verdiyi zövqü duymalıdır. Tarixə nəzər yetirsək, görərik ki, neçə-neçə insan bu qısa həyatda ələ düşən böyük fürsətləri dəyərləndirməmiş, özünü, öz dünyasını puç etmişdir. Bunun ən başlıca səbəbləri həmin insanların özlərinə əsl rəhbər, doğru yol göstərən, mürşid və bununla yanaşı, doğru yol – kainatı, qəlbləri fəth etdirən, Adəm övladını sonsuzluğa, ölümsüzlüyə aparan yolu seçməmələri olmuşdur. Həyatı, kainatı, yaradılışı doğru dərk etmək fitrəti çağdaş dövrdə sanki ancaq Allah (c.c) tərəfindən “vergi” kimi verilmiş və çox az insana nəsib olmuşdur.

Tarixən Azərbaycan cəmiyyətinin qarşılaşdıqları problemlərin həm daxili həmdə xarici səbəbləri olmuşdur. Xarici səbəblər bir başa bizdən asılı olmasada, dolaylı olaraq daxili səbəblərə bağlı məsələdir. Daxildə birliyini, ədaləti bərqərar edəmməyən cəmiyyətlərdə xarici müdaxiləçilər üçün öz çirkin məqsədlərini həyata keçirməyə bünövrə yaratmaqdadır. Belə olan halda düzgün cəmiyyət formalaşmasında daxilimizdə ki problemləri ədalətli formada və sürətlə həll olunması mühüm məsələyə çevrilmişdir.

Bu problemlərin həlli məhz ədalətli, cəmiyyəti təşkil edən fərdlərə demokratik dəyərləri tanıyan prinsiplərin əsasında olmalıdır. Dərin dövlətçilik ənənələrinə sahib olan imperiya qurmuş millətlər bu prinsipləri öz xalqına tanımış və bunun nəticəsində güçlü olaraq qalmağı bacarmışdırlar, çünki imperiya dövlətləri daha çox xarici qüvvələrlə mücadilədə olmuşdurlar. Lakin kiçik dövlətlər dünyada söz
sahibi olmadıqlarına görə, daha çox öz daxilində mücadilə aparmaqdadırlar. Belə halda hər hansı dövlətin güçlü cəmiyyət formalaşdırmasının yolu daxildə demokratik prinsiplərə söykənən, xalqa yuxarıdan gələn əmirlərlə yox, xalqla birgə idarə edən və onun təbii inkişaf prosesinə dəstək olan dövlətlər tarixən güçlü cəmiyyət quruculuğuna müvəffəq olmuşdurlar. Məhz belə bir güçlü cəmiyyət quruculuğunun qarşısını alan Sovet rejimi Azərbayacanı bundan məhrum etmişdir.

70 illik Sovet rejimi Azərbaycan tarixində mühüm hadisələrin baş verdiyi dövr, acılı, dəhşətli səhifələrdir. Kökdən uzaqlaşmanın, “sapı
özümüzdən balta olmağ”ın, yadlaşmanın, manqurtlaşmanın ən “yüksək” səviyyəsi məhz bu dövrün payına düşür. Ateizmə əsaslanan Sovet ideologiyası dinə müharibə elan etmiş və türk dünyasının, türk millətinin müqəddəsi olan İslamiyyətə qarşı açıq-aşkar düşmənçilik münasibəti, təbliğatı yürütmüşdür. Dilimizi də mənəviyyatımız kimi açıq-aşkar olmasa da, dolayı yollarla unutdurmağa çalışmışdır. Belə ki, rəsmi olaraq Azərbaycan dilinə qadağa qoyulmasa da, faktiki olaraq təkcə  bu dili bilməklə, yəni rus dili olmadan cəmiyyətdə mövqe tutmaq qeyri-mümkün idi. Rus dilinin cəmiyyətdə mütləq hakimiyyətə malik idi. Rus dilində olan nəşrlər, ədəbiyyatlar, istər-istəməz xalqı öz milli adət-ənənələrindən, ədəbiyyatından, mədəniyyətindən uzaq salırdı və yoxluğa, heçliyə, köksüzlüyə sürükləyirdi. İki proses paralel gedirdi; bu 70 illik dönəmdə Azərbaycan xalqı özündən olduqca uzaqlaşır, uzaqlaşdırılır və xalqımızın neçə minillik tarixində bu səviyyədə uzaqlaşamaya rast gəlinmir. İkinci tərəfdən və eyni zamanda Azərbaycan ziyalıları dəyərlərimizi qorumaq uğrunda yorulmadan mübarizə aprarırdılar. Senzuranın çox sərt olduğu dönəmlərdə belə Azərbaycan ziyalısı xalqına nəsə çatdırmağa çalışırdı. Bu böyük ziyalılar yazdıqları əsərlərin sətir aralarında sistemin Azərbaycan xalqına gətirdiyi bəlaları izah edirdilər. Bunu eləmək o qədər də asan deyildi, çünki deyilənləri işarə edilənləri reallaşması üçün bir çox sədlər aşılmalı idi. Sovet sisteminin gətirdiyi zülümlərdən başqa, öz
içimizdə olan və həmçinin bu sistemə bilərək və ya bilməyərək inanmış ziyalılar da vardı. Onlar bu sətir aralarında mübariz fikirləri ortaya çıxarır,
yuxarılara “danos” yazır, bu dirçəlişi əngəlləməyə çalışırdılar. Beləliklə, vətənin, millətin gələcəyini düşünən yazıçılar, şairlər həm daxildə, həm
xaricdə mübarizə aparmaq məcburiyyətində qalırdılar. Kitablar, nəşrlər müsadirə edilir və ya ərsəyə gəlmədən beşikdə boğulurdu. Bu çətin dövrdə Azərbaycan mədəniyyətinin, adət-ənənələrinin saflığını qoruyub gələcək nəsillərə çatdırılmasında məhz Azərbaycan ədəbiyyatçılarının üstünə düşən vəzifə çox ağır və bir o qədər də məsuliyyətli idi. Bu dövrdən alnıaçıq, üzüağ çıxanlardan biri də məhz Zəlimxan Yaqubdur. Onun Azərbaycan dilinin qorunmasındakı müstəsna rolu danılmazdır. O, özünün istedad və bacarığı ilə Sovet dövründə qabaqcıl şairlərdən ola bilərdi. Ancaq Sovet rejiminin ideologiyası bütövlükdə Zəlimxan Yaqubun dünyagörüşünə, fəlsəfəsinə yad idi. Zəlimxan Yaqub ya bildiyi doğrunu söyləyər, ya da susardı, ancaq yalanın sözcüsü heç bir zaman olmazdı. Bu Zəlimxan Yaqub təfəkkürüdür! Onun susqunluğu, sakitliyi fırtına öncəsi
səssizliyə bənzəyirdi. Amma bu səssizlik özü də mübarizə, dövrə görə mücadilə aparmaq üsulu idi. “Ya doğru danış, ya da sus!”

Depressiya və qorxu cəmiyyəti dərin qaranlığa itərək iflic vəziyyətinə salmışdı. Lakin öz şəxsi düşüncələrinə sadiq qalan insanların hamısı məhv edilməmişdir.Bəzi yazıçıların yazmaması sistemə xidmət mənasına gəlmirdi. Onlar yazmaqdan imtina edirdilər, çünki öz həyatlarını
təhlükə altına qoymaq istəmirdilər. Onlar bilirdilər ki təhlükələr realdır və susurdular, sistemə xidmət etməkdən və yalanla yaşamaqdan  imtina edirdilər (1, səhifə 14-17).

Təbii ki, bu qaranlıq günlərin geridə qalmasında Azərbaycan xalqının böyük əzmi var. Bu xalqa əsl öndərlik edənlər onun ziyalıları idi. Bu azadlıq dövründə Azərbaycan xalqı birləşmiş, bütünlüyünü bərpa etmiş, siyasi və ideoloji intriqaları bir kənara qoymuşdu. Cəmiyyəti birləşdirən amillərin başında onun uzaqgörən ziyalıları gəlirdi.

 20 Yanvar, Xocalı faciəsi Azərbaycan xalqının azadlıq yolunda aldığı ən böyük zərbələr, çəkdiyi ağrılar, əzablar idi. Eyni
zamanda bunlar qəhrəmanlıq, azadlıq səhifələrinə iri hərflərlə yazılmış rəşadət, şərəf nümunələri idi. Z.Yaqub məhz bu çətin dövlərdə də susmamış, öz sözünü “Şəhid qanı” şerində poetik dillə belə demişdir;

                              Həyatımda heç
zaman belə dərd görməmişdim,

                              Dərdi belə
amansız, belə sərt görməmişdim,

                              Mənim düşmənim
qədər, mən namərd görməmişdim,

                              Namərdlərin
başında çaxırdı şəhid qanı. ( 7, s.35).

Əslində, tarixə nəzər saldıqda, XIX əsrdən bu yana Azərbaycan torpaqları get-gedə kiçilir. Bu kiçilmə və paçarlanma Sovet dövründə son həddə çatır. Zəngəzur, Göyçə, İrəvan, Qarabağ Azərbaycandan qoparılır. Bu ayrılığın, bölünmənin bir hissəsi olan, hicran həsrəti ilə gözü yaşlı qalan Borçalı mahalını – Z.Yaqubun doğma yurdunu da unutmamaq lazımdır. Zəlimxan Yaqub da bu ayrılığı, bu kiçilməni yaxından hiss edənlərdəndir. Bu kiçilmə və parçalanmaya paralel olaraq, öz dəyərlərimizə uzaqlaşma, yadlaşma da nəzərə çarpırdı. Əslində, burada hansı səbəbdir, hansı nəticədir, ayırd etmək çox çətindir, ancaq bilinən bir şey vardır ki, o da bu təhlükəli proseslər bir-biri ilə sıx bağlı olması
idi. Bunun nəticəsi isə fəlakətə – Azərbaycan xalqının məhvinə gətirib çıxara bilərdi. Xalqımızı özünə qaytaran, xalqı oyadıb tarixdəki ehtişamını yenə bərpa etməyə çalışan, çağıran millətimizi öz dəyərləri ilə tanıdan ziyalılardan biridir Zəlimxan Yaqub. Bu kiçilmənin, yaddaşsızlaşmanın, “yaddaşlaşma”nın, yad daşı olmanın qarşısını almaq ancaq özünü dərkdən, tanımaqdan və tanıtmaqdan asılıdır. Zəlimxan Yaqub yaradıcılığında bu birinci mərhələ bütün incəliyi ilə, açıq-aşkar görünür.

Poeziyamızda iniltili və 20 Yanvardan sonrakı psixolojimiz üçün bəlkə də yeganə qorxulu tendensiyasını həm də Zəlimxan Yaqubun şeirləri ortadan qaldırdı. Ən çətin məqamda böyük şairlər mərsiyaxanlıq etməz. Məhməd Akifin qan dənizində üzən ilham gəmisi ağlar limanlara yan alsaydı, onda mehmetciyin istiqlal dönəmindəki zəfəri gerçəkləşə bilərdimi? İnanmıram. Məhməd Akif sinəzənlik etmir, yazır ki, “tüpürün əhli-səlibin o həyasız üzünə, tüpürün onların əsla güvənilməz sözünə”. “İstiqlal marşı”ndan sonra millət əsgərə, mərsiyədən sonra isə qorxaq bir təziyadlara çevrilir. (6, s.50-51).

Təbii ki, hər şey bu kiçilmənin və manqurtlaşmanın önünü kəsməklə bitmir. Onu qoruyub saxlamaq və daha da genişləndirmək işin ən çətin mərhələsidir. Xalqımızın qarşısında Qarabağ kimi böyük, taleyüklü problemi var. Qarabağ probleminin həlli və yenidən qaytarılmasının yolu isə xalqımızın azadlıq uğrunda apardığı mübarizə və mücadələdə olduğu kimi, birliyimizdən, bütünlüyümüzdən keçir. Biz bütöv xalq olaraq sözün əsl mənasında bu birlyi ortaya qoysaq, digər problemlər özü-özünə həllini tapacaq. Təbii ki, bu birliyin təmin olunması üçün ölkəmizdə böyük işlər görülmüşdür. Bu birlik anlayışına dil, din və kök qardaşımız Türkiyə xalqını unutmamaq da daxildir. Türkiyənin taleyi bizim taleyimizdir, onu
unutmaq, ona biganə qalmaq öz-özümüzə qəsd etmək deməkdir. Bu birliyin pozulması, birliksizliyin birliyimizə vurduğu yaralar, təəssüf ki, tariximizin bir parçasıdır. Z.Yaqub şeirində bu parçalanmaya – Səfəvi-Osmanlı müharibələrinə işarə edir, üzünü keçmişə çevirib səslənir. Bir mənada “bu birliyə hər zaman ehtiyac var” deyir, bugünkü problemlərin tarixdən qaynaqlandığını nəzərə çatdırır.

                                   Bizə nə lazımdı?
Ağız birliyi,

                                   Ağ baxta yol açan ağ üz birliyi

                                   Qıpçaq
qıvraqlığı, Oğuz birliyi

                                   Olsaydı
Xətai-Yavuz birliyi

                                   Axmazdı
ildırım, çaxmazdı şimşək,-

Bugün yumruq kimi birləşə bilsək… (6, s. 24).

Şeirin sonunda arzusunu dilə gətirir; Bugün yumruq kimi birləşə bilsək!” Gözəl gələcək
bu gün bir yumruq olmaqdan başlayır. Bu, Zəlimxan Yaqubun subyektiv, məxsusi
arzusu deyil, bu ayrı düşmüş türk xalqlarının, güneyin, quzeyin arzusu,
nisgilidir. Z.Yaqub böyüklüyüdü qardaş xalqların arzusunu şeirin qəliblərinə
tökmək, bu nisgili poeziyada yaşatmaq, yaşamaq!

Z.Yaqub
burada birliyin üç məqamına – üç şərtinə də toxunur. Söz birliyi, bir mənada
siyasi birlik, eyni sözü demək, eyni hədəfə yönəlmək, eyni ideal uğrunda
çarpışmaq. Bu “ağız birliyi” üçün də üz ağ olmalıdır, yəni bir-birinə sədaqət,
çiyin-çiyinə vermə əsas faktordur, xəyanətlə birlik olmaz. Üçüncü isə güc
birliyi, ordu birliyidir. Bu məsələ “Olsaydı
Xətai-Yavuz birliyi “ misrasında əksini tapır. Çaldıran döyüşündə düşmən
kimi üz-üzə gələn qardaşlar–Şah İsmayıl, Sultan Səlim! İki güc döyüşür, qan
tökür. Zərbə türk birliyinə, türk dünyasına dəyir.

Hələ
birliyimizin tamamlanma prosesini də bu mənada dəyərləndirmək lazımdır.
Azərbaycan-Türkiyə birliyi bir millət olaraq öz yerini tapmaq deməkdir. Ulu
öndərimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini bu prizmadan
dəyərləndirsək, İsmayıl Qaspırinskinin “fikirdə birlik, əməldə birlik” sözləri
ilə yoğursaq, söylənilən fikrin əhəmiyyəti daha da anlaşılacaqdır. 70 illik
Sovet dövrü Azərbaycan daxilində birliyimizi nə qədər çətin etmişdirsə, eyni
zamanda, Türkiyə ilə aramızda müəyyən fərqlərin yaranmasına səbəb olmuşdu.
Türkiyə daha çox qərbləşməyə-qəribləşməyə meyil etmiş, Azərbaycan isə kommunizm
təsiri altında dəyərlərindən, keçmişindən, özündən uzaqlaşdırılmışdı. Biri
təsirə düşmüş, digəri təzyiqə məruz qalmışdı. Nəticədə iki xalq arasında bəzi
boşluqlar əmələ gəlmişdir. Bu boşluqların doldurulması birinci növbədə
ziyalıların çiyinlərinə düşür.

 Z.Yaqub bu məsuliyyəti dərk edir və
çətinliklərə baxmayaraq, ümümtürk tariximizi, ədəbiyyatımızı yenidən
xatırladaraq bu müqəddəs yolda bir meydan şairi kimi gözə çarpır. Meydan
şairləri Fuad Köprülüyə görə xalq toplantılarında  hər hansı bir mövzuda, hər hansı bir qafiyə
ilə şeir tərtib edərək, sazı ilə deyən saz şairlərinə deyir,(3, s.171) dolayısı
ilə Z. Yaqub xalqa müraciət edən, şəxsi qabiliyyətləri və bilikləri ilə xalqı ziyalandıran
saz şairlərindəndir. Z.Yaqub bütün çətinliklərə rəğmən və qarşılıq gözləmədən
bu davaya, mücadiləyə inanır. O, öz yaradıcılığında Yunus İmrəni zirvələrə
qaldırır, onu ortaq türk ədəbiyyatının ilham qaynağı kimi göstərir. Birlik,
bütövlük Z.Yaqubun dəyişilməz məqsədidir. Z.Yaqubun müəyyən dönəmlərdəki
qopmalar və ayrılıqları isə xatırlamaq istəmir və ya xatırlayarkən millətə necə
acı bir dərs olduğunu anlatmağa çalışır. Əslində XIX əsr Çarlıq dönəmi, XX əsr
Sovet rejiminin qanlı repressiyaları, erməni zülmü və digər bəlalarımızın əsl
səbəbləri bu ayrılıq və parçalanmadadır. Bir millət
olaraq birləşməyimizin qarşısını heç nə ala bilməz. Z.Yaqub çox çətin də olsa,
ədəbiyyatı, mədəniyyəti siyasətlə birləşdirərək Azərbaycan cəmiyyətinə bir
ictimai xadim, bir şair kimi öz töhfələrini verməyə çalışır. Z.Yaqub özünü bir
hərəkət, ideya insanı olduğunu da beləcə sübut edir. Z.Yaqub bu dövrdə baş
verən hadisələrin qarşısında tab gətirmənin yollarını axtarır. Bəzən də bu
yolda tək qalır;

Lalə mənəm, Kərəm mənəm, kül
mənəm,

Kül içində baş qaldıran gül mənəm.

Sevgi adlı şah evində qul mənəm,

Şahdan gələn, şaha gedən yoldayam.  (6, s. 86).

 Bu yalnızlığında ona əsl dost, əsl
həmdəm və dayaq Allah eşqi olur. Bu yol neçə əsrlər boyu ilahi eşqin alovunda
yanıb qovrulan, bu amal uğrunda baş qoymuş xalq ərənlərinin, dərvişlərin,
ozanların, Yunus İmrənin, Mövlananın yoludur. İkinci həmdəmi  özünün dediyi kimi ana laylasıdır. (9).

Bu “doğrunu” tapan, ona çatan şəxsiyyətlərdən biri Zəlimxan Yaqubdur.
Z.Yaqub özünü kəşf edə bilmək, öz təbiətini anlamaq üçün milli-mənəvi kökünə
enir və öz xoşbəxtliyini tarixin ibrətlərlə dolu dərinliklərində axtarır. Təbii
ki, bu düşüncə, həyat anlayışı təsadüfi deyildir. Yuxarıda qeyd etdiyimiz kimi
mütləq doğrunu tapmaq çox çətindir, ancaq tarixə baxdığımızda millətimizin
güclü, firavan olduğu illər məhz Zəlimxan Yaqubun ilham aldığı şairlərin dövrünə
düşmüşdür. Nizamettin Onk Z.Yaqubun ilham aldığı bu tarixi dəyərlər haqqında
yazır:

Birliyimizdən aldığımız güc XVI-XVII əsrlərdən
əvvəllərə düşür və bu dövrün aydınları Z.Yaqubun ilham mənbəyidir, daha dəqiq
desək, o, Füzuli, Yunus Əmrə, Qurbani və ozanları özünə bir rəhbər seçmişdir (4,
s. 4).

Son dövrlərdə isə millətimizin parçalanması, soy-kökündən uzaqlaşması
prosesi başlamış və tədricən elə bir vüsət almışdır ki, ölkənin bəzi ziyalıları
qərbləşməyi, yadlaşmağı inkişaf, dirçəliş, başqa sözlə, bir yol kimi
səciyyələndirirlər. Halbuki Qərbin intibah dövründə qazandığı nailiyyətlər
İslam dünyasının mənəvi səltənətinə söykənmişdir.

XVIII və XIX əsrlərdə, Abbasilər dövründə, İslam sivilizasiyası öz qızıl
dövrünə qədəm qoydu. Ərəb, Bizans, Fars və Hind mədəni ənənələri bir-birlərinə
inteqrasiya oldu. Avropada təhsilin ən aşağı səviyyədə olduğu zamanlar,
müsəlmanlar “yüksək sivilizasiya” adlandıra biləcəyimiz mədəniyyət yaratdılar. İslam
alimlərinin sayəsində qədim yunan və roma elmi və fəlsəfəsi canlı tutulmuş, həmin
alimlər öz elmi nailiyyətləri və fəlsəfələrinidə əlavə edərək XII əsrdə Qərb
düşüncə ənənəsinin yaranmasının bünövrəsini qoymuşlar. (11).

Yeganə
fərq ondadır ki, bir zamanlar ata-babalarımızdan miras qalan mənəvi-əxlaqi
dəyərlərimiz Qərbin öz düşüncə, dünyagörüş süzgəcindən keçib təhrif olunmuş
şəkildə bizə qaytarılır.

Zəlimxan
Yaqub yaradıcılığının zirvələr fəth etməsinin sirri nədədir? Zəlimxan Yaqub bir
ömrə sığmayan rəngarəng və keşməkeşli həyat təcrübəsinə malikdir.  Bir şeirində də dediyi kimi, o, öz millətinin
tarixi ilə yaşdaş olmaq istədiyi və bunu bacardığı üçün bəyənilir.

                                            Bu
daş mənim öz daşımdı,

                                            Öz tarixim, öz yaşımdı.

Qaya məğrur qardaşımdı,

Onun səsi, sorağıyam. (7, s 14.)

Sevgi mücərrəd, nisbi və sərhədi olmayan bir hisdir. Fərdlər nə qədər
müxtəlifdirsə, onların sevgi haqqında düşüncələri və yanaşmaları da bir o qədər
müxtəlifdir. Bəzi insanlar sevgini
paylaşılmayan hiss hesab edirlər və bu səbəbdən yalnız özlərini
sevirlər. Belə insanları “eqoist” ünvanı ümumiləşdirir ki, onlar üçün heç ailə
fərdləri də o qədər əhəmiyyətli deyil. Bəzilərində isə “sevgi” anlayışı
“eqoizm” sərhədini bir qədər keçdiyi üçün onlar özləri ilə yanaşı ailə
üzvlərini, qohum-əqrəbalarını və hətta həmyerlilərini də sevirlər. Bu tip
insanlara vətən, millət anlayışları bir az uzaqdır. Bir qrup insan da var ki, onlarda
“sevgi” hislərinin hüdudları bir az da genişdir; bu insanlarda vətən və millət
təəssübkeşliyi çox önəmlidir və onlar “milliyətçi” adlandırılır. İnsanlar var
ki, “sevgi” hisləri sadəcə vətənin sərhədləri ilə məhdudlaşmır, ondan daha
geniş sərhədlərə malik olur və bu
insanların sevgisi bütün cahanı ağuşuna alır, bütün bəşəri fikirləşir,
öz ölkəsinə firavanlıq və əmin-amanlıq arzu etməklə qalmır, eyni zamanda bütün
dünya millətlərinin, hansı qitədə – Afrika, Amerika, Avstraliya, Asiya,
Avropada yaşamasından asılı olmayaraq hər insanın əmin-amanlığını düşünür, arzu
edir. Sanki Y.İmrənin “Yaradılanı sev Yaradandan ötrü” anlayışını bayraq edib
göylərə qaldırır. İslam dünyası, türk-islam mədəniyyəti Xaçlı səfərləri və
monqol istilası kimi iki böyük təhlükə ilə üz-üzə gəlsə də, düşmənə düşmənin
özü kimi baxmadı,  öz dövrünün bu qara
ləkəsinə eyni tərzdə cavab vermədi, qana və intiqam hislərinə yol açmadı və
sevgi anlayışını yaşadaraq, hətta cilalayaraq, (düşmən silahını cilalayırdı,
türk-islam dünyası sevgisini) qan və nifrətin təzadı olan sevgi ilə bəşəriyyətə
nəfəs verdi. Bu sevgi anlayışının daşıyıcılarına Sufi adı verilmiş və sistemli
şəkildə bu fikirləri irşad edən cərəyanlara isə təsəvvüf deyilmişdir. Bu sevgi
hissinin ən yüksək səviyyəsi, zirvə nöqtəsi isə İlahi eşqdir və buna çatmaq isə
insanın həm daxilinin, həm də ətrafının zənginləşməsinə, mənəvi rahatlığa
qovuşmasına səbəb olur.

Böyük sufi və zаhidlərin yеtişdiyi IX-X əsrlərdə
təsəvvüflə bаğlı bir sırа əsərlər yаzıldı. Müəlliflər həmin əsərlərdə sufiliyin
əsаslаrını müəyyənləşdirdilər. «Təsəvvüf» sözünü ilk dəfə istifаdə еdən Məruf
Kərхi, sufi düşüncəsində mərifət ünsürünü mеydаnа gətirən Zinnun Misri,
təsəvvüf hаllаrını ilk dəfə tədqiq еdən Səri əs-Sаqаti, zöhd və sufiliyə yеni
mеyаrlаr gətirən Bəyаzid Bistаmi, Bаğdаd sufilərinin ustаdı sаyılаn və Qəzаlini
yеtişdirən Cünеyd Bаğdаdi kimi zаhid və sufilər öz dövrlərinin tаnınmış
şəхsiyyətləri sаyılmаqlа yаnаşı, sufiliyin inkişаfındа əvəzsiz хidmətləri
оlmuşdur. Оnlаrın аrаsındа İslamın ən böyük sufi qаdını оlаn Rəbiyə
əl-Ədəviyyəni хüsusi qеyd еtmək lаzımdır. Çünki təsəvvüf tаriхində ilаhi еşq
(əl-Hubb) fikri məhz оnun аdı ilə bаğlıdır. (12).

 Şair Z.Yaqub Azərbaycan şairlərinin
təsəvvüf anlayışını altı misralıq şeirində belə ifadə edir;

Mən indi başa düşdüm

Niyə Nizami babam?

Çin yazıb, Çin deyirmiş!

Mən indi başa düşdüm

                                                  Niyə Füzuli babam?

        Sevgiyə din
deyirmiş.(4, s. 91).

Z. Yaqub Nizamini anlamağa çalışır, Füzulini biməyə
cəhd göstərir. Və dərk edir, dərk edir ki, niyə sevgiyə din deyir. Bu “ilahi
sevgidir”, Allaha qovuşmaq, Onun rizası üçün hər yaradılışı sevməkdir.Burda bir
məqəm da maraqlıdır. Z.Yaqub məhz Nizamini araşıdırır, Füzulini rəhbər seçir.
Dolayısilə, “rəhbərsiz, mürşidsiz yollar aşılmaz” deyir. Bir yolda yürümək üçün
bu yolun qəhrəmanlarını bilmək, onlar kimi pərvanə olmaq zərurətini ortaya
qoyur.

Zəlimxan Yaqub “sevgi”sində əslində bunu da aşan, nəinki Allahın (c.c)
yaratdığı insanlara, eyni zamanda hər bir yaradılışa qarşı bir həssaslıq,
hörmət, sevgi vardır. Yunus İmrənin dediyi “yaradılanı sev, yaradandan ötrü”
anlayışı onun şeirlərini ən yüksək səviyyəyə gətirib çıxarmışdır. Buna ilahi
eşq də demək olar, çünki Zəlimxan Yaqub özü də etiraf edir ki, şeyx sufi
ozanlardan ilham alır.Bu anlayış ona şeyx Nizamidən, Nəsimidən, Yunus Əmrədən,
Mövlanadan, Qurbanidən, Füzulidən gəlmişdir. İlahi eşq digər “sevgi”lərin
hamısını öz içinə alır, ehtiva edir, onlara ucalıq, sonsuzluq gətirir. Buna
görə də ədəbi tənqidçilər Zəlimxan Yaqub yaradıcılığını bir çox aspektlərdən
araşdırır və Nizami Cəfərovun dediyi
kimi “onun yaradıcılığına mat qalırlar” (2, s. 6).

Sovet dövründə yuxarıda qeyd etdiyimiz klassikləri dini nöqtəyi-nəzərdən
araşdırmaq çox çətin məsələ idi. 70 illik əsarət dövrü bu mövzuda çox böyük bir
boşluğu təşkil və təmsil edir. Zəlimxan Yaqub bu boşluğu, demək olar ki,
təkbaşına doldurmağa çalışır, hətta “ilahi eşq” mövzusunu anlamaqda çətinlik
çəkənlərə vətən, ana-ata, millət sevgisindən bəhs edir və bu önəmli mövzuya bir
bünövrə hazırlayır. Bu sevgi anlayışı Azərbaycanın ən qüdrətli olduğu
dönəmlərdəki kimi dövlət-xalq harmoniyasını təmin edir.

Və tarixən ilahi sevgi anlayışının, ümumiyyətlə, sevgi qavramının insanlara
çatdırılmasında sufi təriqətlərinin rolu böyük olmuşdur. Nümunə olaraq Seyid
Yəhya Bakuvi və I Xəlilullahın əlaqələrini qeyd etmək yerinə düşər:

I Xəlilullah xan ilə aralarındakı yaxşı
münasibəti göstərən əlamətlərdən biri də Seyid Yəhyanın “Kəşfül-qülub” adlı
əsərini Şirvanşaha ithaf etməsidir. Əsər bu ifadələrlə başlayır: “Bu risaləni
uca ədalət əmiri, aləmdəki bütün sultanların ən şərəflisi, əl-Məlikül-Mənnanın
hökmünün davam etdiricisi, Xəlilür-Rəhmanın adaşı sultan-ibni-sultan Əmir
Xəlilullahın (Uca Allah bütün aləmə və aləmdəkilərə yaydığı rəhməti ilə onu ən
uca məqama çıxarsın) gündən-günə artan dövlətinin itidali-vasitəsi ilə tapdığım
əmniyyət və əman ilə yazdım”.

Seyid Yəhya Allaha müridlərinə uzun ömür verməsi
üçün dua edərkən “Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun
həyatıdır”-demişdir. Həqiqətən də, Şirvanşah I Xəlilullah öldükdən doqquz ay
sonra Seyid Yəhya vəfat etmişdir. (5, s.198).

Bəlkə də, uzun zamandan sonra cəmiyyətdə baş vermiş parçalanmaların,
bölünmələrin, cəmiyyətin əsaslarına sağalmaz yaralar vuran ayrı-seçkiliklərin
qarşısını almaq, yenidən birlik və bütövlüyümüzə nail olmaq, atalarımızdan
qalan mədəni, milli irsi, dəyərləri canlandırmaq, insanların bir-birinə
etimadını təmin etmək baxımından  Z.Yaqub
şəxsiyyəti və yaradıcılığı S.Yəhya Bakuvi örnəyində olduğu kimi yeni bir ruh
qazanmışdır. Prof. Nizami Cəfərov Z. Yaqub yaradıcılığını bu prizmadan dəyərləndirərəkən
yazır:

Küncdə-bucaqda onun yaradıcılığına dodaq
büzənlər gec-tez anlamağa məhkum oldular ki, Zəlimxan Yaqub bu dünyaya xüsusi
missiya ilə gəlib: onun vəzifəsi böyük sənətin mövqeyində dayanaraq, böyük
idealları təsdiq (və tərənnüm) etməkdən, xalqla dövlət arasında əsrlər boyu
ehtiyac duyulan harmoniyanın yaranmasına sənətkar-mütəfəkkir xidməti
göstərməkdən ibarətdir. (2, s. 7).

Zəlimxan Yaqub həm xalq şairi kimi, həm bir millət vəkili kimi bu iki cəhətin
öz şəxsində harmoniyasına çalışmışdır. Bu çox çətin bir işdir, ancaq bunun heç
olmazsa, bir düşüncə kimi, bir canlı nümunə, bir “keçmiş”in “indi”də
təcəllisi  kimi insanlara çatdırılması da
az iş sayılmamalıdır. Tarixə nəzər salanda görürük ki, hər millət müəyyən bir
sahədə daha çox nailiyyət qazanmışdır, bir növ ixtisaslaşmışdır. Türk və
azərbaycan xalqı, “iki dövlət bir millət” – Türk milləti bir çox sahədəki
müvəffəqiyyətlərlə yanaşı, ədəbiyyatda söz sahibidir, özünəməxsus yerə
malikdir. Belə ki, klassiklərimizin yüzillər öncə yazdığı əsərlər nəinki öz
dövründə, hətta günümüzdə də öz aktuallığını qoruyub saxlayır. Məmməd Aslan
məqaləsində Mövlana yaradıcılığının Avropada müasir oxunma, araşdırılma
vəziyyəti ilə bağlı   yazır:

 Mövlana
həm də öz dövrünün gündəlik halını demirdi, maddəçilik girdabında başı bəlalar çəkmiş bizim çağdaş dünyanı və
çağdaş insanları bütünlüklə nəzərdə tuturdu. Əbəs deyil ki, bu gün okeanın
o tayında və Avropada Mövlana  daha çox müasir səslənir, az qala bu türk
ulusunun cahanşümul irsinin mükəmməl nəşrləri ilə ciddən yarışırlar.

Bizi özündən yeddi yüz il sonra bizə və dünyaya tanıdan o böyük
qüdrətə min kərə əhsən!!! (8).

Azərbaycan klassiklərini, klassik
ədəbiyyatını gözəl bilən və təhlil edən ədəbiyyatçıların sayı çox azdır. Bu
mənada Zəlimxan Yaqub ədəbi düşüncəsində klassik-şifahi üslub harmoniyasına
malik bir şairdir, eyni zamanda tənqidçi və ədibdir.

Klassiklərimiz
“həyat” adlı elmi çox gözəl dərk etdikləri üçün geniş kütlələr tərəfindən
sevilmiş, təqdir və təhlil edilmişdir. Zəlimxan Yaqub da məhz o duyum var,
sevmək, sevdirmək, hikməti görmək, dünyanı dərk etmək duyumu! O  söylənilən fikirləri, hadisələrin mahiyyətini
dərhal təhlil edəbilmə qabiliyyətinə malikdir. Allah (c.c) tərəfindən verilmiş
“vergi”nin bir hissəsi onun hafizliyidir, ikincisi isə onu çox gözəl təhlil
etmə qabiliyyətidir. Zəlimxan Yaqub klassiklərimizin əksəriyyətini əzbər bilir
və bu onun güclü hafizə sahibi olduğunu göstərir. Belə şairlər tarixən olub,
elə Zəlimxan Yaqubun da müstəsna cəhəti onun hafizliyi deyildir. Güclü yaddaş
eyni zamanda, bəzən şair üçün mənfi cəhət də sayıla bilər. Güclü yaddaşa sahib
olan şairlər qeyri-ixtiyari olaraq başqa şairlərin şeirlərindən öz şeirləri
kimi sitat gətirərək təkrarçılığa yol verirlər. Buna görə də onlar hər
yazdıqları şeiri plagiata yol verməmək üçün nəşrdən əvvəl nəzərdən keçirmək
məcburiyyətində qalırlar.

Bu cür
nöqsanlar Zəlimxan Yaqub hafizliyinə aid deyildir. Zəlimxan Yaqub
klassiklərimizin düşüncəsindən, fəlsəfəsindən, dünyasından, ruhundan
təsirlənmiş ola bilər ki, bu da təbiidir, ancaq şerlərində belə bir eynilik,
təkrarçılıq müşahidə olunmur. Zəlimxan Yaqubun şeirlərinin öz orijinallığı, öz
müstəvisi var. Bundan başqa, tarixi şuurumuzu da günümüzə, insanlarımıza
xatırladır, amma öz üslubu, öz sözü ilə…

Bu günün
ən ağrılı problemləri həll etmək üçün yeganə yol təsəvvüf və zamandır. İnsanlarımız
ancaq keçmişlə fəxr etmək kimi masturbativ düşüncələrdən oyanmalı,  həyata reallıq kimi baxmalıdır. Bu, hər
şeydən əvvəl Z.Yaqub kimi ziyalıların artması və təsəvvüf təfəkkürünün
öyrənilməsi və tətbiqi üçün səfərbərliklə mümkündür. Bu təsəvvüf təfəkkürünün
əsas sütünları milliyimiz, mənəviyyatımız, tariximiz, folklorumuz,
ədəbiyyatımız, dinimiz olmalıdır. Bir digər tərəfdən isə dəqiq elmlərin
dərindən öyrənilməsi, yeni texnologiyaların mənimsənilməsi digər əsas sütunu
təşkil etməlidir. Bunun üçün isə təbii olaraq zamana ehtiyac var, lakin qeyd
edilən sosial bazanın qurulması cəmiyyətimizdə daha sağlam ədalətin
təşəkkülünə, dövlətçiliyimizin inkişafına, rüşvətxorluğun azalmasına və digər
problemlərin həllinə kömək edəcəkdir. Belə bir təsəvvüf hərəkatının başlanması
günün zərurətidir və bu məsələdə hər hansı bir ləngimə xalq olaraq
gələcəyimizin təhlükə altına düşməsinə səbəb olur.

Nəticədə
milli-mənəvi dəyərlərimizə sahib çıxmaq və qorumaq üçün türk birliyinə
ehtiyacımız olduğu kimi, dünyəvi və maddi mənada rifaha qovuşmaq üçün Qərblə
inteqrasiya da zəruridir. Qərbin texnologiyasını, elmini tərəddüdsüz
mənimsəməliyik. Bunu bacara bilsək, Nizami, Füzuli, Mövlana, Yunus İmrə irsinin
davamçısı Z.Yaqub yaradıcılığını öyrənsək, anlasaq, gələcək nəsillərə verə
bilsək, problemlər qismən də olsa həllini tapar. Mövlanaya məxsus bu bir bənd
şeir Z.Yaqub yaradıcılığının qaynaqlandığı
təsəvvüfün həm qısa xülasəsi, həm də geniş izahıdır. Və sağlam cəmiyyət
qurma ideyasınn əsas prinsipidir.

Gəl,
gəl, nə olursan ol, yenə gəl !

Kafər,
bütpərəst, məcusi olursan, yenə gəl !

Bizim
dərgahımız ümidsizlik dərgahı deyil.

Yüz kərə
tövbəni pozmuş olsan da, yenə gəl !.. (10).

Ədəbiyyat:

  1. Amrahoglu Arif,
    Literature As Mirror of the 20th Century, From Azerbaijan International, Spring
    1999  7.1
  2. Cəfərov
    Nizami, Zəlimxan Yaqubdan yazılanlar Məqalələr toplusu. “Zəlimxan
    Yaqubdan yazanda…”. Bakı. “Vətən”-2005. s. 6
  3. Köprülü
    Fuad, Edebiyyat Araştırmaları, Ankara, Türk Tarih Kurumu-1999, s. 171
  4. Onk
    Nizamettin, Zelimhan Yagub, Ankara, Uyum Ajans-2003, s. 4
  5. Rıhtım
    Mehmet, “Seyid Yəhya Bakuvi və xəlvətilik”. Bakı. Qismət. 2005. s.198
  6. Turan
    Azər, “Əzəl-axır dünya Türkün dünyası”, Bakı, Vətən-2007,s.50-51.
  7. Yaqub
    Zəlimxan, “Gözlərimin Nurudu Doğulduğum bu Torpaq”, Bakı, Pedaqogika, 2005, s
    35.
  8. Aslan Məmməd, Mövlana Heyrəti, İrfan İctimai Fikir
    Jurnalı, sentyabr-oktyabr 2007, №12,  http://www.irfandergisi.com/12/08.php
  9. Hüseynoğlu Sərvaz, Sazda ana laylası
    var, Ədəbiyyat qəzeti No 23, 19.06.2009 http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1984
  10. Karabacak  Muhammed Aşır,  Mövlananın “Gəl” Deyişi
    http://www.irfandergisi.com/23/38.php
  11. Kreis Steven, The History Guide,
    Lectures on Ancient and Medieval European History, Lecture 18, Islamic
    Civilization http://www.historyguide.org/ancient/lecture18b.html
  12. Zülfüqarov Əliheydər, Sufilik və onun
    Azərbaycanda yayılması, http://www.irfandergisi.com/14/18.php
Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: