Ümumtürk ədəbiyyatı kontekstində Zəlimxan Yaqub

və Məmməd Aslan müqayisəsi

 Müasir dövrdə Azərbaycan-türk ədəbi əlaqələrinin inkişafında iki böyük şairimizin‒ Məmməd Aslan və Zəlimxan Yaqubun böyük rolu vardır. Hər iki şairin yaradıcılığında ideya, mövzu, obrazlar sistemi baxımından yaxınlıq müşahidə olunsa da, məsələlərə yanaşma baxımından müəyyən fərqlər də mövcuddur. M. Aslanın “Ərzurumun gədiyinə varanda” əsəri ilə Z. Yaqubun “Türkiyə dəftəri” şerlər toplusunu müqayisə etsək, qeyd edilən fikirlər öz təsdiqini tapacaqdır. M. Aslanın adı çəkilən əsərində  məkan olaraq Ərzurum, Qars, İstanbul, obraz olaraq Mövlana, Yunus İmrə, Nəcib Fazil Qısakürək, Məhməd Akif Ərsoyu seçməsi, folklorumuzu, təsəvvüf ədəbiyyatını təhlil etməsi, ümumtürk dəyərləri olaraq dil, tarix, mədəniyyət kimi mövzulardan çıxış etməsi Z. Yaqub yaradıcılığına da xasdır. Z. Yaqub Türkiyə səfərindən sonra “Türkiyə dəftəri” şeirlər toplusunu yazmış və sanki “Ərzurumun gədiyinə varanda” əsərindən ilham almışdır. Bu oxşarlıqlarla yanaşı, hər iki şairin üslub fərqi açıq-aydın görünür və bu müqayisəni aparmaqla Azərbaycan-türk ədəbi əlaqələri kontekstində hər iki şairin rolunu daha düzgün qiymətləndirmiş olarıq.  

Z. Yaqubun “Füzuli-Sabir” şeiri bu baxımdan əhəmiyyətlidir. Z. Yaqub məşhur lirika ustası Füzuli ilə satira ustadı Sabiri müqayisə edir, birini “heyrət qalası”, digərini “qeyrət qalası” adlandırır, onları dahilik zirvəsində görüşdürür:

Gözəlliyə, gözələ könlünü bağlayanda

Füzuli “heyrət!”-dedi.

Millətinin halına güləndə ağlayanda

Sabirim “qeyrət!”- dedi. (1, 230).

    Füzuli gözəllik qarşısında “Heyrət, ey büt” demiş və gözəlliyi tərənnüm etmişdir. Gözəllik isə təbiətin bəxşişidir. Beləliklə, Füzuli təbiət gözəlliyi qarşısında heyrətlənir, alışıb-yanan aşiqin iztirabını nəzmə çəkir. Sabir isə əksinə, təbiətdən yan keçir, cəmiyyətə dönür, onun eybəcərliyini qamçılayır, bu eybəcərliklərdən uzaqlaşmaq üçün bizi qeyrətə çağırır:

Heyrət ilə qeyrəti yoğurdular, yapdılar,

Bu ölümlü dünyada bir ölməzlik tapdılar. (1, 230).

    Onu da qeyd edək ki, əslində hər iki ustad eyni məqsədə xidmət edir. Çünki, gözəlliyi öymək çirkinliyi döyməkdir, yaxud əksinə.

“Füzuli-Sabir” şeri təhlil etdiyimiz məsələlərdən birini işıqlandırır. Belə ki, Füzuli və Sabirin xüsusiyyətləri, məsələlərə yanaşma tərzi ilə müqayisədə Z. Yaqub və M.Aslan şəxsiyyətləri, dolayısı ilə, M. Füzuli-Z.Yaqub, M.Ə.Sabir-M.Aslan paralelliyi müşahidə olunur. Füzuli və Sabirdəki bu fərq Azərbaycan-türk ədəbiyyatı kontekstində  Z. Yaqub və M.Aslan yaradıcılığında da görünür. Z.Yaqub öz şerlərində daha çox gözəlliyi tərənnüm edərək, bunların sayını artırmağa çalışır. Z. Yaqub bütün türk dünyasının məşhur ədiblərini, şairlərini araşdıır, daha çox fikirdə birliyə nail olmağa çalışır və fikir ayrılıqları olan mövzulara toxunmur, bunların türk dünyasına ən xırda zərər vurmasını belə istəmir. Məmməd Aslan isə Sabir kimi cəmiyyətimizdəki eybəcərlikləri ifşa edir, belə mənfi hallardan uzaq olmağa, problemlərin həlli üçün qeyrətə çağırır. Məsələyə yanaşma tərzi fərqli olsa da, hər iki şairimizin yeganə amalı, məqsədi, yeganə davası var, o da şanlı tariximizin bizə verdiyi missiyanı bu gün həyata keçirmək və bu yeni dünya düzənində öz layiqli yerini tutmaqdır.

Z. Yaqubun şeirindəki səmimiyyət, içdənlik göstərir ki, şair türk dünyasının firavanlığı naminə, gələcəyi uğrunda ruhunu belə qurban vermişdir. Z. Yaqub bir çox çıxışlarında bu eşqi tərənnüm etmişdir. Xəlil Rza Ulutürkə görə, Z. Yaqubu təkcə bir ər kimi, söz qəhrəmanı kimi deyil, həm də ictimai ürək kimi tanımaq  və ondan ibrət götürmək lazımdır. Bu ürəyin nə qədər geniş olduğunu Z. Yaqubun “Açın ürəyimi, həkimlər, açın! ” şerində görmək olur:

                             Tibetdən  Altaya, Anadoluya

                             Təbrizə, Bakıya, Qarsa, Boluya

                             Mənim varlığımın nurunu saçın.

                             Doğuyla Batının arası boyda

                             Açın ürəyimi, həkimlər, açın! (2, 134). 

    Z. Yaqubun qədim türk torpaqlarına saçdığı nur, həm də bizim birliyimiz üçün, özümüzə, kökümüzə qayıtmaq üçün səpilmiş bir toxumdur, oyanışdır. Z. Yaqubun sözündəki, şerindəki bu güç hələ öz bəhrəsini bundan sonra verəcək. Z. Yaqubun bu addımları atmasının səbəbi nəyinsə meyvəsini toplamaq deyil. Şair türk dünyasının bu qədər parçalanmasını ürək ağrısıyla, yanqısıyla dilə gətirir. O, özünü qurban verir, gələcək nəsillərin eyni ağrı-acıları çəkməməsi üçün əlindən gələni əsirgəmir. Təbii ki, ürək yanqısıyla, fədakarlıqla atılmış addımlar heç  zaman cavabsız , bəhrəsiz qalmaz.

    Z. Yaqub və M. Aslan yaradıcılığının ortaq məqsədi və amalı açıq-aydın görünür. Məsələlərə yanaşmada ki fərq isə öz-özlüyündə bir Z. Yaqub, bir M. Aslandır! Yuxarıda qeyd etdiyimiz kimi, Z. Yaqubun üslubu Füzuli üslubuna daha yaxındır, M Aslanın üslubu isə Sabir  üslubuna. Bu da bir həqiqətdir ki, Füzuli və Sabir arasında ən az 4 əsrlik zaman fərqi var və hər bir şairimiz mühitə görə ən uyğun üslub seçib. Bəs eyni dövrdə, eyni mühitdə yaşayan bu iki şairimizin iki, həm də fərqli üslubu nə ilə əlaqədardır? Burada kiçik bir məsələni nəzərdən qaçırmamaq lazımdır. Post-modern adlandırılan bu dönəmdə‒müasir dünyamızda dəyərlər bir-birinə çox qarışmış, insanların təfəkkürü əvvəlki dönəmlərə nisbətən daha çox şaxələnmişdir. Sürətlə dəyişən dünyamızda, bu gün doğru deyilənin sabah tam əksinə olduğu dövrdə fərqli üslubda yazan şairlərə – zamanla ayaqlaşa, ona hərtərəfli yanaşa, baxa bilən yazıçılara, şairlərə ehtiyacımız var. Nəticədə, M. Aslanın və Z. Yaqubun üslub fərqliliyi bizə çox lazımlıdır, çünki bu üslub ədəbiyyatımıza rəng gətirir. Ona ikili baxışı ortaya qoyur, onu sevgi-tənqid gözü ilə bizə təqdim edir. Bir tərəf “sev” deyir, bir tərəf “gözünü eşq tutmasın, tənqidləri gör, düşmənləri gör” deyir.

 M. Aslan müasir dövrdə türk dünyasında baş verən hadisələri, mənfi tendensiyaları kəskin şəkildə tənqid edən şairdir. Türk atalar sözündəki kimi “Dost acı söylər” deyən M .Aslan daha çox qeyrət şüarı ilə yanlışlarımızın kökünə enir və sözü ən kəskin formada çatdırır. Məsələn, M. Aslan qəlbindəki böyük Türkiyə sevgisinə baxmayaraq, türklüyümüzün ən önəmli göstəricisi olan dilimizin pozulmasına sərt reaksiya verir. O yazır:

“Türk milləti neçə illər ayrı qalsa da, eyni dünyanın və dəyərlərin hələ də güclü izləri var”. Bunu M. Aslanın Türkiyədə kəndlilərlə görüşlərindən açıq-aydın anlayırıq. Əsas məsələ sözün həqiqi və məcazi mənasında insanlarımızın ortaq dil tapmalarıdır. Bu ortaqlıq bizi birləşdirən iki əsas istiqamətdə olmalıdır: türk-islam düşüncəsi və təfəkkürü, ikincisi isə ortaq türk dili formalaşdırılması olmalıdır. M. Aslan ikinci məsələyə əsərində açıqlıq vermişdir və bir çox söz seçimini ortaq istifadə etdiyimiz sözlərə üstünlük verərək əsəri ərsəyə gətirmişdir. Bu əsər özlüyündə belə bir düşüncənin həyata keçirə bilmə imkanlarından xəbər verir. Bununla yanaşı bəzi çətinliklər də mövcuddur ki, bunların nədən ibarət olduğunun M. Aslan geniş izahını vermişdir. Türk-islam mədəniyyətini yox eləmək üçün “gizli qılınclar”, “baltalar” Osmanlı arxivlərini talan etdikləri kimi, elə eyni illərdən başlayaraq Türkiyə türkcəsini də məhv etməyə başlamışdır. Bu “gizli qılıncların”, “baltaların” əməlləri bizim hansı mövzularda daha həssas olmağımıza bir işarətdir. Tarixə və dilə olan çox qısa dönəmdəki bu müdaxilələrin bir məqsədi olmuşdur: kütləvi savadsızlığı artırmaq və türk dünyasından uzaqlaşdırmaq.

     Yeni nəsil Türk Dil Qurumunun yaratdığı dil sədlərindən keçib klassiklərinə tapına bilmir. Bu gün klassik şairlər, klassik yazıçılar türk məktəblisi üçün az qala əcnəbi dilli bir ədəbiyyata çevrilmişdir. Nəsillərin dil bağı, dil əlaqəsi bir növ üzülmüşdür. Klassik bir şairi oxumaq istəyən gənc ucdantutma dəyişdirilmiş sözlərin qarşılığını tapıncaya qədər şer oxumaq ovqatından da düşür və, ümumiyyətlə, bu cür oxu heç vaxt oxucuya ləzzət verməz. İndi klassik ədəbiyyat ancaq eksponat kimi ya muzey malına çevrilmiş, ya da tədqiqatçının məhdud dairəsinə xidmət göstərən antik bir vasitə olmuşdur (3, 167).

Acınacaqlı olan odur ki, bütün aparılan bu işlərin bir şüarı var, o da “öztürkçələşdirmə”, yani tarix boyu türk dilinə keçmiş sözlərdən arındırmaq və bunların yerinə yeni sözlər kəşf etmək. Bu ideya əsasında Türk Dil Qurumu bir millətin taleyini dərindən yaralayan addımlar atmış və bu addımlar da özlüyündə bir neçə zəncirvarı reaksiyaya səbəb olmuşdur. Bu görünən səhvlərin bir neçəsini sadalamaq olar.

“Birincisi, dünya dillərinin hamısında söz, kəlimə alış-verişi hər zaman olmuşdur. Bunun əksi o dilin, o cəmiyyətin, o millətin, inkişafda olmadığının bir göstəricisidir. Türk dili tarix boyunca başqa dillərdən keçmiş sözlərin özününkü etmək qüdrətini göstərmiş bir dildir Nəticədə, hər hansı bir elm adamı öz dilində bir məqalə yazmaq üçün lüğətdən istifadə etməli olur. Məsələn; katibə-yazman, siyasi-siyasal, əhəmiyyət-önəm, məsələ-sorun, həyat-yaşam, tədbir-önləm, xüsusiyyət-özəllik, təşkilat-örgüt, əsər-yapıt, dünya-acun, istedad-yetinək, imkan-olanaq, mədəniyyət-uyqarlıq” (3, 163).

M. Aslanın yuxarıda təsbit etdiyi yaralardan sonra, şair bu əməllərin arxasında necə bir xain düşüncə tərzinin olduğunu göstərir. Əslində bu əməllər aparıldıqda nə tarix düşüncəsi, nə də türk dilli xalqlar nəzərə alınmışdır. Şair belə deyir:

Beş on nəfər öz yanından xalqın başabaş nitq təfəkkürünü dəyişdirməyə gecəli-gündüzlü cəhd göstəriblər. Bunun kökünü xalqda axtarmayıblar, daha doğrusu, bu fikri ifadə etmək vasitəsinin xalqda olacağına ümid bəsləməyiblər. Necə deyərlər, xalqa enmək onların elmi rütbəsinə ar gəlib. Halbuki bir aqilin dediyi kimi: “Xalqa çıxılar, xalqa enilməz” (3, 167).  

Türk Dil Qurumunun “dili arılaşdırmaq” üsulları həm bu dırnaqarası dilçilərin dilçi olmadığını, həm də bu millətə nə qədər yad olduğunu ortaya çıxarır. Sözlər seçildiyində ilk planda qərb düşüncə tərzi qaynaq sayılır: “Təbiət kəlməsində fransızlar “natur” “nature” kəlməsindən istifadə edirlər. “Natur”-un nüvəsində “doğmaq” mənası var. Yeni dil qurumu da bu işığı qaytarıb türkçənin üstünə tutmağa cəhd göstərir və fransızcaya uyğun “doğa” sözünü “yaradır”. Fransız “təbii” əvəzinə “natural” kəlməsi işlədirsə, buradakı “al” şəkilçisini Türk Dil Qurumu götürüb “doğa” sözündən “doğal” sözünü düzəldərək “təbii” sözünü əvəz edir” (3, 163-164).

Bu acınacaqlı vəziyyətə türk dilçilərinin içində üsyan edib tənqid edənlər də tapılmışdır. Bu faciəni doğru təsbit edən insanlarda, gələcək ortaq türk dili üçün çalışılmalıdır. Belə dilçilərdən biri də Məhmət Kaplandır. Onun ortaya qoyduğu fikirlər acı həqiqəti ortaya qoyur:

 “Dil ayrı-ayrı fərdlərin istəklərinə görə inkişaf edib formalaşmır. Onu tarix və millət yaradır. Bu millətin ictimai həyatı və mədəniyyəti necəsə, dili də ona uyar. Öztürkçəcilərin xətası dili ictimai həyatdan ayırma cəhdləridir….. Dili tarix boyu xalq yaradır, dövlət ona düzən verir. Dövlət təzə dil yaratmır. Onun funksiyası bu deyil axı!….. Türk millətinin əsrlərdən bəri sevə-sevə işlətdiyi və mənasını gözəlcə bildiyi minlərcə kəlməni uydurma kəlmələrlə dəyişdirməyə gəlincə, insan bu hərəkatın arxasında nəsə qorxunc anarxizmdən bu gün ağlı olan hər bir türk münəvvəri narahatdır” (3, 161).

Bu faciənin azda olsa, qabağını almağa çalışanlardan biri də, tanınmış dilçi alim Əhməd Bican Ərcilasundur. O, “Qars eli ağızları” kitabında Qars-İğdır vilayətlərində yaşayan yarım milyona yaxın azərbaycanlıların müasir dil məsələlərinə, ləhcə xüsusiyyətlərinə geniş yer verir. Qars kəndlərində yaşayan azərbaycanlılardan transkripsiya ilə qələmə alınmış söyləmələr ən çox Azərbaycanla, folklor örnəkləri ilə diqqət çəkir (3,  211). Bu vilayətlərdə yaşayan insanları M. Aslan “ həyatın bütün sarsıntılarından öz milli təbiətini hünərlə salamat saxlamış azərbaycanlılar !”- adlandırır (3, 210). Bu təsir altında M. Aslan Azərbaycan dili haqqında şerini dilə gətirir.

                    Mənim dilim – yırğalanan bir dəniz,

                    Qayalardan sızıb gələn çeşmədi.

                    Gahdan onu quzu təki görərsiz

                    Gah görərsiz bulud kimi kişnədi (3, 160).

M. Aslanın doğma dilindən qürur duymasına səbəblər çoxdur. Qanlı Sovet rejiminin təsiri altında mədəniyyətimizi qoruyub saxlaya bilmək, Azərbaycan xalqının cəsarətidir, hünəridir. Belə cəsarətli insanların sayı Türkiyədə də az deyildir. Ancaq belə insanlara  edilən zülmlər son dövrə qədər davam etmiş və hər cür hiyləliklər istifadə edilmişdir. Belə cəsarətli insanların biri də Nəcib Fazil Qısakürək olmuşdur. Dəfələrlə həbsxanaya salınmasına baxmayaraq, o, millətə qarşı aparılan xəyanətləri üzə açıq dedi. Türk dilində aparılan islahatların onun inkişafı naminə edilmədiyini, əksinə dilin qrammatikasının, sözlərinin dəyişdirildiyini və yeni bir xəyali dilin ortaya çıxdığını açıqca ifadə etmişdir. O öz şerində, dildə aparılan islahatlara bir az üsyanla, bir az da istehzayla yanaşaraq, uydurulmuş türk dilinin pişiklərin mart ayında fəsil dəyişiklərinə və təbiətə bağlı olaraq çıxardıqları səsə bənzədir:

               Nisbətləri pozuldu yeddi səs, yeddi rəngin,

               Mart kədisinin dili bizimkindən çox zəngin… (3, 160).

 Müstəqilliyimizdən sonrakı dövr şair üçün daha acınacaqlı hal almışdır. Azərbaycan dilinin də göz görə-görə məhv edilməsi onu dərindən yaralamaqdadır. M. Aslan müsahibəsində deyir:

“Türkiyə qəzetçilərinin dilindən bizim jurnalistlər bir şeylər yazmağa başladılar. Elə bilirlər ki, Türkiyə jurnalistlərinin gətirdikləri türkcədir, mən də buna dayanammıram. Avropayi kəlmələri biz oradan öyrəndik, Türkiyədən gözlədiyimizin əksinə dilimizi xarabalığa çevirdik”. (4)

Göründüyü kimi, M. Aslan ünvanından asılı olmayaraq, sözünü çəkinmədən deyir.  Əslində, M.Aslan tənqidində çox haqlıdır və M. Ə. Sabir kimi “qeyrət” deyir. Türkiyəni doğma bildiyi üçün bu tənqidləri söyləmək məcburiyyətini hiss edir. Eyni mövzu ilə bağlı Azərbaycandakı bəzi işbilməzlərin ünvanına daha sərt səslənir:

    “Sizin 70 ildə itirdiklərinizi biz 7 ildə itirdik və itirməyə də davam edirik. Anadolu türkcəsi ilə Azərbaycan türkcəsi son dərəcə təmiz və son dərəcə mənalı, ancaq dağılmaya məhkumdur. Çünki örnək götürüldünüz, kaş ki bizim burada iş bildiyini zənn edənlər sizin başınıza gələnləri yaxşı biləydilər. Onlar sizdən gələnlərin hamısını türkcə kimi qəbul edirlər. İndi baxanda görürsünüz ki, televizorlarda “mersi”, “bonjur”, yəni. sizin çeynəyib atdığınız saqqızları indi bizimkilər təkrardan ağızlarına alıb çeynəyirlər. Bəlkə də, belə etməyə davam edəcəklər.” (4).

       Göründüyü kimi, şair həm Türkiyəni, həm Azərbaycanı özünə doğma bilir və tənqidlərini eyni dərəcədə kəskin ifadə edir. Şair bildirir ki, cəmiyyətdə, xüsusilə də, ədəbiyyatda baş verən bu hadisələr ona dərd gətirir, iztirab verir.

    Z. Yaqub cəmiyyətdə baş verən mənfi hadisələrə daha təmkinli yanaşır, bu tənqidləri daha çox ümumi sözlərlə deməyə çalışır və M Aslandan fərqli olaraq, birbaşa sözünü demək yerinə, dolayı yollarla, Ezop dili ilə danışır.

M. Aslan isə şair olmaqla  yanaşı, həm də publisistdir, buna görə də yanlışları dərhal tənqid etməyi faydalı sayır, bu cür tənqidə inanır. M. Aslan özünün dediyi kimi “Çətin adamdır”, çünki “şairlik kef deyil, ömürlük üzüntü, ehtiyac və zillətdir: dözə bildinsə, bəlkə, şairlər vadisinə yol tapmağı bacardın…”:

                     Tənha zirvələrin yol yoldaşıyam,

                     Quşqonmaz dağların ağır qışıyam,

                     Mən qaya parçası, çaxmaq daşıyam:

                     Mən çətin adamam, asan deyiləm… (5).

M. Aslan tənqidi birbaşa – əyib bükmədən deyir. Elə türk müğənnisi Ahu Tuğbayla bağlı düşüncələri buna əyani sübutdur:

 “Ahu Tuğba səhnəyə az qala tam çılpaq halında ehtiraslı bir çılğınlıqla, ikrah doğurucu əsdirmələrlə gəlir. Biz səhnədə qadın müğənnini bu cür görməyə adət etməmişik. Bu qiyafədə, bu açıq-saçıqlıqla müğənni səhnəyə çıxsa, sözün açığı, səhnəni dağıdarıq; mavi ekranda müğənni qadın ədəb-ərkan sərhədini bir azca keçsə, zəng zəng üstündən” (3, 55).

Azərbaycan ziyalıları Sovet İttifaqının dağılacağını çox gözəl təxmin etmələrinə baxmayaraq, Sovet imperiyasının çökməsindən sonra cəmiyyətimizdə yaranacaq boşluğu görəmmirdilər. Hətta bu gün belə yaranmış çətin vəziyyətdən çıxış yolu olaraq fikir qıtlığı mövcuddur. M. Aslan yuxarıda sadaladığımız tənqidləri etdikdə, heç düşünməzdi ki, çox qısa vaxtda – 15 il sonra nəinki müğənnilər, hətta yeni gənclik belə eyni dünyanı paylaşacaqlar. M. Aslan 90-cı illərin əvvəllərində “ Əkil- Bəkil” verlişini yaratdıqca, bugünkü nəsli bu mənfi tendensiyalardan qorumağa çalışsa da, dövrün bəzi rəhbər işçiləri belə təşəbbüslərin dəyərini bilmədilər. M. Aslan  dünyasının Türkiyədəki qarşılığı kimi Nəcib Fazıl Qısakürəyin adını çəksək yanılmarıq. M. Aslanın tənqid etdiyi mövzuları, M. Aslanın qabağını kəsən insanların eyniləri də Türkiyə Respublikasında mövcud idi. Şayət Nəcib Fazıl haqqın rəhmətinə qovuşmasa idi 80 yaşını haqlamış şair ömrünün son qismini həbsxanada keçirmək məcburiyyətində qalacaqdı. N.F. Qısakürəyin isə yeganə günahı öz xalqına, millətinə xidmət etmək idi:

                      O dəmdə ki, pərdələr qalxar, pərdələr enər,

                      Əzrayıla “ xoş gəldin”- deyə bilməkdə hünər.

 Bu, mənalı yaşanmış bir ömrün qanuni sonluğudur. Dünyanı qorxa- qorxa yaşamışlar “ dünya körpüsündən” titrəmədən keçə bilməzlər (3, 66).

M. Aslan, N. F. Qısakürək cəsarətinin əsas məqsədi ölümsüzlüyə , Allah” a (c.c) qovuşmaqdır. N. F. Qısakürəyin “ zindandan Məhmətə məktub” şeri elə şairin öz həyatını, dərdlərini əks etdirir. Şeirin bəzi hissələrinə baxmaqda yarar var:

                        Zindan- iki heca, Məhmətin, lafta,

                        Ata qatiliylə atam bir səftə,

                        Bir də bir anlamaz- boynunda yafta,

                        Halımı düşünüb yanma, Məhmətim,

                        Qovuşmaqmı?… Bəlkə…hələ ölmədim! (3, 65).   

Burada şair ölkəsinə xidmətlərin qarşılığında ata qatiliylə eyni səftə tutulmasına, öz halına yanır:                                     

                    Bir aləm ki, gözlər qorxu içində,

                    Ağıl ağılsızın zoru içində

                    Üst- üstü sorular soru içində,

                    Düşünmü, danışmı, susmu, unutmu?!

                    Burdan insanmı çıxar, tabutmu?!  (3, 65).   

İnsanlar ağılsız rəhbərlərinin zoru altında olmaları, ölkənin bu arzuedilməz vəziyyətə düşməsi soruları soru içində ağla gəlir, şairi çaşdırır, hətta şairin zəhmətinin bəhrəsini ancaq tabutla alacağını düşünərək ümidsizləşir. Lakin bu ümidsizlik müsəlmana yaraşmadığı üçün bir işıq parlayır.

            Səs  dəmir, su dəmir və çörək dəmir,

            İstərsən dəmirdə muhalı gəlmir,

            Nə gələr ki, əldən, qədər bu, əmir…

            Dünyaya qapalı, Allaha açıq (3, 66).   

Bəli şair qapısı, pəncərəsi bu dünyaya bağlı olsa da onun ümid işığı yalnız Allahadır(c.c.). Məhz Allaha güvənmə gücünü, əhvalını, ümid işığını artırır:

             Məhmətim, sevinin, başlar yüksəkdə

             Ölsək də sevinin, evə dönsək də!

             Sanma bu təkərək qalar tümsəkdə,

             Sabah, əlbət bizim, əlbət bizimdir!

             Gün doğmuş… gün batmış ….əbəd bizimdir! (3, 66).   

N.F. Qısakürək əkdiyi toxumların cücərəcəyindən əmindir və gələcəyin cavanlarına çox inanır. N.F.Qısakürək ümidini elə bu məsələyə bağlı qoysaq yerinə düşmüş olar. Nəticə olaraq Cənab Şəhabəddindən bu məsələyə bağlı “tiryaki  sözlərindən” nümunə versək məqsədimizi daha aydın izah etmiş olarıq:

“ Tale acizləri qorxudur, cəsurlara cəsarət verir”, “ Cəmiyyətlər də şəhərlər kimidir, xarab olsalar da , böyük və sağlam parçaları ayaq üstə qalır”.

Nəcib Fazıl Qısakürəyin Məmməd Aslanla oxşar yönü cəsarətləridir və bu xarab cəmiyyətin sağlam parçaları olduqları üçün hər zaman ayaqda qalırlar. Bu səbəbdən N.F.Qısakürəyə üstad təxəllüsü verilmişdir. Üstad hər yönüylə obyektivdi, o sadəcə düşmənlərinin yanlışını göstərmirdi, eyni zamanda onun dünyagörüşünü paylaşanların da səhvlərini deməkdən çəkinmirdi. Üstadın iki şerini versək tam yerinə düşər:

                                           Düşmənimə

                Ey düşmənim, sən mənim iradəm və hızımsan

                Gündüz gecəyə möhtac, mənə də sən lazımsan (3, 85).   

                                              Camaat

                Sözdə islam… bir fərdi bir fərdinə qaynamaz,

                Bu halla utanmadan camedə səf-səf namaz… (3, 86).   

Üstadın dini dünyagörüşü, islama dərin imanı hamıya bəllidir, lakin islam dünyasında dağınığlığı, bölünmüşlük və düşdüyü çətin vəziyyətdə bir- birini suçlaması onu dərindən düşündürür və öz səhfində olan insanların bu halını tənqid edir. Halbuki eyni əqidə paylaşan insanlar, cəmiyyətlər, ölkələr və s. bir-birilərini suçlamaqdansa bir-birilərinə qaynaşaraq, ortaq məxrəcə gələrək, eyni hədəfə vurmalıdırlar. Təbii ki, bunu dərk etmək üçün düşmənlərin hiylələrindən, zorundan qurtulmaq lazımdır. Şair “Came” şerində deyir:

                Camelər sərbəst, amma bütün yolları yasaq,

                Onlar meydana hakim, bizsə camedə dustaq. (3, 86).   

 Islam ölkələri işğalla, borclarla, boğuşmaqdadırlar, camedə isə dustaqdırlar. Dünyada ki demokratiyaya görə müsəlmanların bir araya gəlməsində guya problem yoxdur, ancaq bu istiqamətdə atılan hər bir addım Türk- İslam dünyasının qabağını almaqdadır:

                                           Getdi

                   Getdi su yollarını qıvrım- qıvrım bilənlər

                   Bir ot yığımı qaldı- kökündən kəsilənlər.

                                       Saxta qəhrəman

                   Bizə qalan əziz borc əsirlik zamanlardan,

                   Tarixi təmizləmək saxta qəhrəmanlardan! (3, 86).   

Burada üstadın maarifçilik məsələsinə verdiyi önəmi müşahidə edirik. O, tariximizdə Türk dünyası üçün canından keçən qəhrəmanların yenidən İslamı tədqiq edərək, tarixi düzgün olaraq dərk etməyə çağırır. Nə yazıq ki, türk- islam düşmanları bizə qəhrəman olaraq təlqin edilmiş, tarixi düşmənlərimizin yazdığı kitablardan öyrənmişik. Ustadın gənclərə nəsihəti belədir.

                                          Əmanət olsun

                   Keçmişlərdən xəbərsiz nizama lənət olsun.

              Ey gənc adam, bu düstur sənə əmanət olsun. (3, 86).   

Mövlana, Yunus İmrə, Memar Sinan və daha neçə-neçə dahilərimiz bu fani dünyada öz izini qoyub gedib. Arada yaranmış bir neçə əsrlik boşluğa baxmayaraq, bu millət böyük imperatorluğun külləri üzərində qurduğu dövlətini yenidən çiçəkləndirdi. Bu inkişafda, oyanışda ədəbi mühitin də öz rolu olmuşdur. Ölkəsinin çətin dönəmlərində xalqını ayağa qaldıran, şəhidliyin necə bir ulu zirvə olduğunu millətinə anladan M. A. Ersoydu. bu təfəkkürün davamçısı, bu oyanışı ayaqda tutan digər şair isə N. F. Qısakürəkdir. M. Aslan və Z. Yaqub hər iki şairin əsərlərinə öz yaradıcılıqlarında geniş yer veriblər. Z. Yaqubun N.F. Qısakürəyin ruhuna həsr etdiyi “ Cüt sətirlər” şerləri müasir Türk tarixinin insanının keçdiyi keşməkeşli yollarını izah edir. Daha əvvəl M. Aslan yaradıcılığının təhlilində qeyd etdiyimiz kimi düşmənimiz içimizə girib, ən yüksək vəzifələri tutaraq, bizi daxildən oymuşlar. Bu kirli əməlləri həyata keçirdiklərində bunu türk millətinin xeyri üçün edirik deyərək bizim sonumuzu hazırlamışlar. 70 illik Sovet rejimi Azərbaycan türkünün qurtarıcısı Stepan Şaumyan və digər erməni işbirlikçilərinin olduğuna bizi inandırmışlar. Eyni paralelliyi türk tarixində də müşahidə edirik. M. Aslanın qeyd etdiyi kimi, öztürkçələşmə adı altında uydurma türk dilini türk xalqına sırımışlar. “Qılınc və balınc” şerində Z. Yaqub deyir.

                                        Başımızın altına qoyulan balınca bax,

                                     Başımızın üstündə yellənən qılınca bax!

Şair bu millətə qurulan tələlərin ünvanını da göstərir.

                                        Başçıda baş olanda bəxtimizə gün düşər,

                                        Başçı başsız olanda bəxtimiz düyün düşər!

Şair “sual” şeri ilə davam edir:

                                        Göy üzünü bürüyür yer üzünün ahları

                                        İnsan necə götürür bu qədər günahları! (6, 29)

    Z. Yaqub N.F. Qısakürəyin bu dünyada tək dərdi olduğunu bizə bildirir. Bu dərd, bu çilə insanlığı xoşbəxt görmək arzusudur. Şair özünü düşünmür, əgər düşünsəydi 79 yaşlı qəhrəman igid həbsxanadan çəkinib, doğruları millətimizə hayqırmazdı.

Hər iki şairimizin son dövr yaradıcılığına nəzər yetirsək, prof. Fuad Köprülünün ifadəsi ilə desək M. Aslan daha çox “qələm şairi” olmağa üstünlük verir. Son dövrdə cəmiyyətdə baş verən mənəvi deqredasiyadan uzaq qalmaq üçün şair sanki özünün səssiz mübarizəsini ifadə edir və yaradıcılığını daha çox dini motivlər üzərində quraraq Allaha (c.c.) yönəlir. Onun Məhəmməd peyğəmbərə (s.ə.s.) həsr etdiyi “Nəti-Şərif”i Türkiyədə mükafata layiq görülmüşdür. Z. Yaqub isə “Peyğəmbər” adlı poemanı ərsəyə gətirmişdir.

Z. Yaqub və M. Aslan yaradıcılığının həm də müstəsna rolu ondan ibarətdir ki, istər klassik türk ədəbi, istərsə də müasir ədəbiyyatdan Azərbaycan oxuyucusuna yeni dahilər tanıtdı. Klassik dedikdə hər iki şairin ümumi yaradıcılığına ən böyük təsiri olan Mövlana və Yunis İmrədir. “ Mövlana türbəsində” şeri Z. Yaqubun sufi ədəbiyyatından, təfəkküründən, elmindən xəbərdar olduğunun bir sübutudur və “Qocatəpə camesində” silkələnişdən sonra bir illik müddətdə mövzu dərinliyi baxımından şair böyük məsafə qət etmişdir. Sufi məktəblərində bu elmə yiyələnmək üçün illərini sərf edən gələcəyin dərvişlərinə nəzərən, Z.Yaqub ilahi yardımla ilk addımlarını bu bir illik dövrdə atmışdır. Şair elm uğrunda, insanlığa xidmət üçün Allah yolunda dərvişlərin keçdiyi o böyük coğrafiyanı təsvir edir və zamanın şərtlərinə baxmayaraq bu çətinliklərə dözür. Məlumdur ki, Xorasan, Bağdad, Şam, Anadolu coğrafiyalarını keçən Mövlana Konyada yaşamağa qərar vermişdir:

                                  Candakı ruha baxdım, ruhdakı canı gördüm,

                                  Bir zərrənin işində bütöv cahanı gördüm

deyən Z. Yaqub Mövlananın incə təfəkkürünün çox doğru izahını veribdir. Mövlananın hikmətli sözlərindən ilhamlanaraq bu misraları söyləyən şair, daha 700 il əvvəl din ilə dəqiq elmlərin vəhdətini çox aydın izah etməşdir. Bu gün adına molekul dediyimiz, atom dediyimiz, nanotexnologiya dediyimiz elmi Allah yaratdığı möcüzələrlə dolu olan dünyanı tədqiq etməyə çalışırıq. Hər ixtirada, hər yenilikdə Allahın sərhədsiz elmini bir daha heyranlıqla qarşılayaraq Ona səcdə edirirk. 700 il bundan əvvəl daha müasir elmin və texnologiyanın olmadığı vaxtlar necə də gözəl izah olunubdur. “bir zərrənin içində bütöv cahanı gördüm”.

Dünyada baş vermiş problemlər nə qədər çıxılmaz olsa da, bunların hamısının çox sadə həlli var. Bu heç bir idarəçiliklə, güclə həll olunacaq bir iş deyil. Bunun həlli yolu Mövlana yoludur, sufizm yoludur, çox maraqlıdır ki, bu yol öz köklərini Orta Asiyadan və Azərbaycandan götürür və məhz Azərbaycandan dünyaya yayılır. Elə Mövlananın ilham aldığı, özünə müəllim qəbul etdiyi şəxs də azərbaycanlı Şəms Təbrizi olmuşdur. Bəs Mövlana  dünyası nədən ibarətdir? Bunu hələ M.Aslanın öz sözləri ilə və dolayısıyla Mövlananın öz sözlərilə izah edək. Mövlana  dünya üçün yosun tutmayan büllur su idi. Bu su yüz illiklər boyu axmış, hələ də axmağında, hələ də axışına, gürultusuna, gedişinə pərəstişkarlar toplamağındadır.” Mən görən və görməyənəm yuxudakı göz kimi, zahiri və gizliyəm, varam və yoxam- gül suyundakı qoxu kimi,dayanmışam və eyni zamanda yol gedirəm – üzəngidəki ayaq kimi, söyləyən və susanam – kitabdakı yazı kimi,” mən bir dənizəm – öz varlığı içində daşan, sahilsız bir dəniz”. Mövlana poetik ölçülərə sığışmayan, ölçü, ülgü çərçivələrini vurub dağıdan bir söz pəhlivanıdır:

“Nə mən mənəm, nə sən sənsən, sən mənəm,

  Həm mən mənəm, həm sən sənsən, həm sən mənəm”.

Kainatı yaşadan ulu eşqin məhəbbət düsturudur bu. Dünyada nə varsa, eşqdə birləşir. Sevgidə vəhdət tapır. Bu eşq eləcə bir qadına olan kişi məhəbbəti deyil. Bu bizi yaradan, bizi yaşadan dünyaya (Allaha) olan eşqdir. “ Eşq nədir?”- deyə Mövlanadan soruşmuşlar. “Mən olda bil”- cavabını vermışdır. Nə qədər cavablanmaz, başa gəlməz bir çağırış. Təzədən hansı insan və necə Mövlana ola bilər ki, onun qəlbi ilə də sevə bilsin?… (6, 29).

Hər iki şairimizin yaradıcılığında yaxın məsələlərdən biri isə seçilmiş məkanların və müraciət olunan mövzuların yaxınlığıdır. Zəlimxan Yaqubun “Türkiyə dəftəri” hissəsindəki digər şeri “Qarsın düzündə” adlanır. Azərbaycan-türk ədəbi əlaqələrinin başlanğıc nöqtəsi, güclü dövlət qurmağımızın, türk-islam mədəniyyətinin yayılmağa başladığı yerdir “Qars düzü”. “Qarsın düzündə” şeri bir millətin həsrətini, qovuşmaq arzusunu, gözəl gələcəyi yolunda xəyalları tərənnüm edir. Bu həsrət atəşi ailələrdən çıxaraq cəmiyyəti, xalqı bürümüşdür:

                                Qars ayaz,

                                Bura gündür, Qars ayaz

                                Qələm, qurbanın olum

                                Qismətimi Qarsa yaz.

    Nənəm belə deyərdi” (6, 24).

Şair 80 illik həsrəti nənəsinin dilindən yazır, çünki nənəsi türk millətinin birgə olduğu vaxtları, türk-islam mədəniyyətinin insanlığa verdiyi o gözəl cövhərləri görüb yaşamışdır. Bu gözəlliyə yenidən qovuşmaq, yenidən dadmaq nənənin ən böyük arzusu olmuşdur. Bu elə gözəllikdir ki, elə bir yanğıdır ki, onu anlatmaqla olmur, ancaq yaşamaq lazımdır. Elə bu hisslər, bu xəyallar şairi doğma torpaqlara, doğma insanlara çəkməktədir. Nənənin arzularının çin olması üçün Allaha (c.c.) yalvardığı müqəddəs torpağa ayaq basmaq şairə qismət olmuşdur:

                                      Qars ayazdı,

                                      Bura gün, Qars ayazdı

                                      Qələmə qurban olum,

                                      Qisməti Qarsa yazdı.

                                       Mən belə deyirəm. (6, 24).

Qismətinin Qarsa yazılmasına şair Allaha (c.c.) böyük şükr hissləri içərisindədir. Hələ Sovet İttifaqı dağılmazdan əvvəl, yəni XX əsrin 90-cı illərin əvvəllərində şair bu hisslərini dilə gətirmişdir. Onun Qarsa qovuşmasının altında yatan məcazi mənanın dərinliyi şairin nənəsinin dilindən verdiyi misraların ruhundadır. “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarının altında yatan mənadır bu və nəvələrin qismətinə yazılan bu qədər babalarımızın geniş təcrübəsini, Allaha (c.c.) yaxınlığını göstərmişdir. Bayrağında dalğalanması, millətində qovuşması, baba və nənələrimizin də müjdələdiyi kimi, bir daha ayrılmamaq üzərə baş vermişdir. Alnımıza yazılan bu gözəl bəxtin meyvəsi də gözəldir:

                                  Məni bu yerlərə bəxtim gətirdi,

                                  Yazdılar yazımı Qarsın düzündə.

                                  Yığıldı başıma yadlar, doğmalar,

                                  Çəkdilər nazımı Qarsın düzündə. (6, 24).             

Bu yol hər zaman çox ulu yol olmuşdur, müqəddəs bir yol olmuşdur. Birlikdə hərəkət etmə məqsədi insanlar, cəmiyyətlər, ölkələr arasında tez-tez baş verən məsələdir, lakin bunların əksəriyyəti çıxarlar üzərində qurulan birliklərdir və ya güc nümayiş etdirmə ittifaqlarıdır. Allah (c.c.) yalnız bu millətin taleyinə müqəddəs missiyanı həvalə etmiş və bu yolda, bu millətə təbiət də, mələklər də yoldaş olmuşdur:

                             Qayalar dinlədi, daşlar dinlədi,

                             Gözlərdən yaşlar dindi.

                             Lal oldu, dayandı, quşlar dinlədi,

                             Şirin avazımı Qarsın düzündə (6, 24).

Allah (c.c.) hər insana belə bir ülvi məsuliyyəti verməmiş, hər insanın qismətinə gözəl baxt yazmamışdır. Allah (c.c.) bunun qarşılığında yalnız O`na şükür etməsini istəmişdir. Belə comərd Sahibimizə, Yaradanımıza bunu əsirgəmək çox yalnış olardı. Şair bu yolu tutaraq 80 illik zəncirləri qıraraq O`na yönəlir:

                                  Ömrümə yar bildim taleyi, baxtı,

                                  Sinəmdən dumduru çeşmələr axdı.

                                  Aşıq Qərib kimi günorta vaxtı

                                  Qıldım namazımı Qarsın düzündə (6, 25).

Məmməd Aslan isə bu torpaqlara olan eşqini poetik dildə belə ifadə etmişdir:

 “Ərzurumun gədiyinə varanda

Onda gördüm buram- buram qar gəlir.

Lələ dedi – Gəl bu yoldan qayıdaq,

Dedim:- lələ, qeyrətimə ar gəlir (3, 5).                

Bu çətin dövrdə Məmməd Aslanın dediyi kimi “uşaqlıq dünyasının nağıllarında keçən Qars, Ərzurum yenidən yeni nəsillərə çatdırmaqda bəlkədə güclü düşmənlərə qarşı qoyulan ən son müqavimətlərdən biridir. Şair əsərin ön sözündə dörd misralıq şerlə başlayır. Əslində şerlərə yerinə və zamanına görə fərqli təhlillər vermək mümkündür. Bu dörd misralıq şer nəinki Yanıq Kərəmin Əsliyə olan eşqi əks edib, eyni zamanda da Anadolu və Azərbaycan türkünün tarixi bağlılığı özündə əks etdirib. Bu bağlılığı, bu eşqi Məmməd Aslan folklorumuzda bizə xatırladır. Çox maraqlıdır ki, şeri günümüzün kontekstində təhlil etdiyimizdə “buram buram qarın” yerinə Azərbaycan və Türkiyə arasında “dəmir divar” yerini almışdır. Bu “dəmir divar” elə qorxuducudur ki, insanın “ bu yoldan qayıtmasına” səbəb ola bilərdi. Ancaq Yanıq Kərəmin Əslisinə olan sevgisi kimi Məmməd Aslanın bu yoldan qayıtmaq “qeyrətinə ar gəlibdir”.

     Z. Yaqub muradını Qarsın düzündə tapmış və bunu əminliklə bildirmişdir. Hələ işin başında olmağımıza baxmayaraq, şair nəticədən əmindir və gələcəyin türk-islam mədəniyyətinin dirçələcəyinə heç şübhə yeri qoymamış, buna sanki iman gətirmişdir.

Hər iki şairimizin əsərlərində tarixi mövzunu təhlil etmək üçün Türkiyənin iki gözəl şəhərinin təsvirinə nəzər salaq. Bu yerlər İstanbul və Qarsdır. Qars vilayəti türk millətinin birləşdiyi, gücləndiyi, genişləndiyi, adət ənənələrinin formalaşma prosesinin millət olaraq meydana çıxdığı yerdir. İstanbul isə bu birləşmənin, bu prosesin tamamlandığı, bu dəyərlərin dünyaya təqdim edildiyi, dünya mədəniyyətinə, sivilizasiyasına rəng qatan, dünya sivilizasiyalarının, tarixin harmoniyalaşdığı yer olaraq təqdim edilir. İstanbulu tarixi, memari yöndən təsvir edən, insanlarını anlatan, adət ənənələrini verən 3 şerinin üstündə duraq. Bu şerlər, “ Gözəllər gözəli”, “Çamlıca” və  “İstanbul qızı”şerləridir.”Gözəllər gözəli” şeri ilə İstanbulun gözəlliyinə mədh edir şair. Bu yaradılmış tarixin, adət ənənələrin gözəlliyi o qədər böyükdür, genişdir ki, bunları təhlil etməyə iki göz, bir ömür bəs eləməz. Bunun  üçün vaxt, səbr və geniş ürək lazımdır. Osmanlının tarixindın qalan və özünün ərsəyə gətirdiyi möhtəşəm, zəngin saraylar qədər zəngin qəlbə ehtiyac var. Bu möhtəşəm, zəngin sarayların günümüzə qədər gəlib çatmasının arxasında böyük tolerantlıq, bu sarayları inşa edənlərin böyük dühası, bir başqa sözlə onun arxasında duran və islamın təşviq etdiyi böyük təhsil var. Bu düha, təhsil, tolerantlıq dünyanın inkişaf etməsi üçün, çağ atlaması üçün təkan vermiş, “ İstanbul bu dünyanın gözlərinin nuruymuş” misrası ilə bu fikirləri bir daha təsdiq edir:

                              İstanbul bir qaladı,

                              Bir daşını salmağa

                              Qasırqanın, tufanın, selin qüdrəti çatmaz!

                              Tarixlərin şöhrəti, qədim, möhtəşəm, ulu,

                              İndi özünüz deyin,

                              Bircə dəfə baxmaqla

                                Necə deyim gəzmişəm, görüşəm İstanbulu (6, 28).

Buna bənzər ifadələrə M.Aslanın əsərində də rast gəlirik. M. Aslan da İstanbulu təsvir etdiyində qısa vaxtın yetməyəcəyini, Bizans, Osmanlı kimi imperiyaların paytaxtı olan şəhərin gözəlliyini, tarixini, möhtəşəmliyini, ululuğunu görmək, qavramaq, təhlil etmək ciddi tədqiqatçıların, akademiyaların, tədqiqat institutlarının, tarixçilərin işidir və bunu vermişdir.

Elə Zəlimxan Yaqub da “ Tarixlərin şöhrəti, qədim misallarla, möhtəşəm, ulu” dediyində də və İstanbulun ən yüksək təpəsi olan Çamlıcadan baxdığında qarşılaşdığı mənzərəni ifadə etdikdə də “ Qoy tarixin ən işıqlı vaxtı görünsün” dediyində eyni məsələni izah edirdi. Osmanlı tarixi türk millətinin dünyanı aydınlatdırdığı, nurlandırdığı dövr olub. Tam əminliklə deyə bilərik ki, orta əsrlərdə İslam dünyasında bünövrəsi qoyulmuş elmlər qərb dünyasında inkişaf etdirilmişdir. Elmin bu inkişafında Türk elm adamlarının da rolu böyük olmuşdur. “ İstanbulu duymağa, qəlbin zəngin olmalı zəngin saraylar qədər!” və “ ürəyində, günəş boyda yansın çilçıraq, yaddaşında sarayların naxışı qalsın” misralarındakı ifadələr yenə də təsdiq edir ki, bu zəngin, naxışlı sarayları ancaq günəş boyda çilçıraqlı, zəngin qəlbli insanlar həyata keçirə bilər. Bu tarixi həqiqət elmli, mənəviyyatlı, idealist cəmiyyətin, millətin ortaya çıxardığı əsərdir. “Dövlət mənə nə etdi” düşüncəsindən daha çox “ mən dövlətimə, insanlığa nə edə bilərəm” düşüncəsi hakim olan cəmiyyətdə bu idealı həyata keçirmək olar. Elə Məhəmməd peyğəmbər hədislərindən birində buna işarə edib. İslam dünyasının 5 önəmli mərkəzindən biri olan İstanbulun fəthini Məhəmməd peyğəmbər “ Konstantinopol mütləq bir gün fəth olunacaqdır; onu fəth edən əsgər nə gözəl əsgərdir, onu fəth edən komandir nə gözəl komandirdir”-deyib. (8). Peyğəmbərin bu ülvi arzusunu yerinə yetirən və müqəddəs işin davamçısı olan türk milləti Fatih Sultan Məhmət kimi bir ər oğlunu dünyaya bəxş etdi. İslamın Avropaya yayılması üçün İstanbul qucaq açdı:

                                    Fatihlərə, sultanlara açılan qucaq,

                                    Bir gecəlik qoy səni də bağrına bassın!

Bu müqəddəs iş nə qədər çətin olsa da, Allahdan gəldiyi üçün və bizim təbiətimizə, qədərimizə Allah adamı olduğumuz yazıldığı üçün, bir millət olaraq bütün çətinliklərə baxmayaraq bu vəzifəni yerinə yetirməliyik. Biz istəsək də başqa cürə olammarıq. Düşmənimiz bizim balalarımıza işgəncə versə də, biz eyni hərəkəti edəmmərik, əlimiz gəlməz. Bu müqəddəs vəzifənin yerinə yetirilməsində bizim də payımız, durumumuz olması üçün şair bizə səslənir:

                                     Az da olsa, ucalığa qonaq ol, qonaq,

                                     Bu bir tanrı fürsətidir, əldən buraxma!

Şair belə igidlərin, ərənlərin, başı papaqlı kişilərin tariximizdə çox olduğunu və dolayısıyla belə insanların indidə var olduğuna inanmaqdadır. Z. Yaqub öz milli dəyərlərimizi, Türk – İslam mədəniyyətimizi xatırlatmaqla bizi o qələbəyə hazırlayır. Azərbaycan və Anadolu türkü hər zaman bu davaya sahib çıxacaq və dünyaya nur saçacaq:

                                      İstanbula baxırsansa, Çamlıcadan bax,

                                      Heyran qalıb hır baxışa uyarsan onda!

                                         Nə deməkdi kişilərin qoyduğu papaq,

                                         Türkün gücü nə deməkdir, duyarsan onda!!! (6, 35).

Türk-İslam mədəniyyətinin mənəvi zənginliyi ilə yanaşı, bu dünyada iz qoyduğu bir çox maddi sənət əsərləri də var. Z.Yaqub bu xüsusu da nəzərdən qaçırmayıb və Türk-İslam mədəniyyətinin dünyaya bəxş etdiyi bu sənət əsərlərinin  bir çox müəllifləri var, lakin bunlardan birinin adını qeyd etmək lazımdır. Söhbət öz əsrini qabaqlayan, böyük elm adamı Memar Sinandan gedir. Istanbulun gözəl saraylarında mütləq onun bir izi var və bu istedad dünyanı heyrətə gətirib. Memar Sinan yaradıcılılğının ərsəyə gəlməsində təbii ki, Osmanlı padşahlarının elmə verdiyi qiyməti də unutmamaq lazımdır. Türk- İslam mədəniyyətinin tərbiyəsini almış Osmanlı cəmiyyətini bir başqa cür də düşünmək mümkün deyil. Z. Yaqub Memar Sinana olan heyranlığını ona həsr etdiyi şerdə dilə gətirir:

                                 Bu qüdrət necə sığıb bir ömrün sərhəddinə,

                                 Bir cahanın içində min-bir cahan yaratdı!

                                 Harda heyrətə gəldim, harda ki, heyran oldum.

                                 Soruşanda dedilər, Memar Sinan yaratdı!!! (6, 39).

   M. Aslan yaradıcılığında da İstanbul məkan olaraq Anadolu türkünün keçdiyi tarixin izləri, xülasəsi olaraq verilmişdir. Neçə yüz illər mədəniyyətlərin mərkəzi olmuş, hər millətdən, irqdən, dindən öz qucaqlarına almış İstanbulun sakinlərini belə bir halla qarşılaşması acınacaqlıdır. “Çinarlı Qübbəli, mavi bir liman” hissəsinin “Dəniz pərisi” bölməsində başlıca mövzu İstanbuldur. İstanbul nəinki Türkiyənin, Osmanlı tarixi və mədəniyyətinin aynasıdır, eyni zamanda dünya tarixinin xülasəsidir desək yalan söyləmiş olmarıq. İstanbul Roma mədəniyyətinə, Bizans dövlətinə, Qədim Yunan mədəniyyətinə, İslam mədəniyyətinin bir hissəsi və bir çox zamanlarda paytaxtı olmuşdur. Ümumiyyətlə, İstanbul tarixi- memari abidələri ilə, fərqlənməkdədir. Əvvəla, İstanbul Mərmərə və Qaradəniz arasında, coğrafi mövqe olaraq Avropanı Asiya ilə birləşdirən qapıdır, ikinci belə bir qapı Xəzər və Qaradəniz arasında yerləşən Azərbaycandır. Bu mənada həm Avropa, həm də Şərq mədəniyyətini özündə əks etdirir.  Tarixin bütün keşməkeşlərinə baxmayaraq, İstanbulda yuxarıda adı çəkilən bütün mədəniyyətlərdən qalan bir çox nümunə qalmışdır. Türk-İslam mədəniyyətindən qalan ən önəmli nümunələr isə çoxunun müəllifliyini edən Memar Sinan olan qübbəli cameləridir. Bu əzəmətli camelərdən İstanbulda Süleymaniyyə, Ədirnədəki Səlimiyyə cameləri Memar Sinanın əsərləridir. Bu əsərlərin gözəlliyi Türk- İslam mədəniyyətinin elmə verdiyi önəmdən xəbər verir. Elmin yanısıra insanların mədəni, ictimai, mənəvi yönlərində göstərilən diqqətin təzahürüdür. Sultan Əhməd camesinin gözəlliyi şairə ilham verir:

                                Memar dağdan daş qırıb,

                              Daş yonub, daş- qaş qurub,

                              Ilahi fəvvarədir

                              Yerdən göyə fışqırıb

                              Sultan Əhməd camesi! (3, 122).

   Bir başqa nümunə Süleymaniyə camesidir. Memar Sinanın ərsəyə gətirdiyi bu camenin içi qədər çölü də möhtəşəmdir. Bu camenin baxçasında “ Türk və İslam əsərləri Muzeyi” yerləşmışdir. Türk- İslam mədəniyyətinin dünyaya bəxş etdiyi nümunələri alman imperatoru II. Vilhelm “ cənnət “ adlandırmışdır (3,116).

Türk poeziyasının böyük söz ustadı Yəhya Kamal İstanbul sevgisini öz misralarında belə ifadə edir:

                              Sana dün bir təpədən baxdım, əziz İstanbul!

                              Görmədim gəzmədiyim, sevmədiyim heç bir yer.

                              Ömrüm olduqca könül taxtıma keyfincə qurul,

                              Sadə bir səmtini sevmək belə bir ömrə dəyər! (3, 114).

Tarixən insanların İstanbulun gözəlliyinə bəxş etdikləri bir yana, təbiət də İstanbula öz töhfəsini yüksək səviyyədə vermişdir. Söhbət İstanbulun 9 böyük adası, Böyükada, Xınalıada, Burğazada, Qaşıqada, Heyvəliada, Sədəfadası, Dovşanadası, Sivriada, Yassıadadan gedir. Şair bu 9 adanı Mərmərənin 9 gözəl qızı adlandırır (3, 134). Təbiətin İstanbula bəxş etdiyi bu gözəllik turizm üçün çox əlverişlidir. Dünyanın 4 bir yanından insanlar buraya axın edir, hətta bunun yanında ən zənginlərin bəziləri burada basdırılmağı vəsiyyət edirlər. Lakin bu anlayışla razılaşmır və insan doğulduğu yeri seçəmmədiyi kimi, ölüm yerini də seçməsinə düzgün baxmır. Belə insanların vətənpərvərlik hisslərinə şübhəylə yanaşır. Məmməd Aslan daha 26 il bundan əvvəl Kəlbəcərə olan məhəbbətini belə açıqlayır,” qanımız- sümüyümüz o torpağa çəkir, ruh o ilkinlik çeşməsindən su içir” (3, 135).

Təəsüf ki bir millət olaraq hər zaman ancaq itirdikdən sonra əlimizdə olan nemətlərin qədrini bilirik. Lakin şair Məmməd Aslan hələ doğma Kəlbəcərimiz, Qarabağımız düşmanımız tərəfindən işğal olunmadan, ruhunun dərinliyindəki bu hissləri Yəhya Kamal, N.F. Qısakürək, Faruq Nafiz Çamlıbeli kimi ifadə edir.” Son nöqtə” məsələsini bacısı Xublara yazdığı şerdə M. Aslan belə ifadə edib:

                       Gen düşdüm, ətrindən doya bilmədim,

                     Dağlar həsrətimi duyacaqdımı?!

                     Mən ona canımı qıya bilmədim,

                     Torpağını mənə qıyacaqdımı?!

                             Qıysa, bir çəməndən qaldırıb bir çim,

                      Kökünə toxumtək əkərsən məni.

                      Hər çiçək yerimə danışar, bacım,

                      Soruşsan o yerdən əgər sən məni. (3, 135).

   Təəssüf ki, bu gözəl guşələrimizi, vətənimizin ayrılmaz hissəsini şairimiz qədər hiss edəmmədik. Yağı düşmənlərimizin işğal etməsinin qabağını alammadıq, çünki tariximizi tez unutduq və lazımi tədbirləri illərlə almadıq. Düşmənlərimizi “ 26 Bakı komissarı” adlandıraraq “qurtarıcı” elan etdik və nəticəsi də çox ağrılı oldu. Güclü imperiyanın caynağında neçə vətən övladımız repressiyalarda, müharibə meydanlarında şəhid oldu. Qədərin çox acı üzüdür ki, qardaş Anadolu türkü də eyni taleyi paylaşmışdır. Gerçək vətən övladları zindanlarda işgəncə görmüş, həyatlarını orada zülm içində keçirmək məcburiyyətində qalmışlar. Düşmən Anadoluda bu qədər güclü yerlərə gələrək Anadolu türkünün inkişafının qabağını almışdır. Bu vətən övladlarından bir Faruq Nafiz Çamlıbeli idi. 1946-1960-cı illər arasında xalqın seçdiyi millət vəkili olan şair, “sapı özümüzdən olan baltalar” tərəfindən “masabaşında” xalqın iradəsinə qarşı gələrək, bu cənnət məkan Yassıadada zindana salmışdır.  Yaşlı şair çəkdiyi izdirabları “Zindan divarları” adlı şerində, əslində xalqın çəkdiyi, bütün türk dünyasının çəkdiyi izdirabları ifadə edirdi:                                        

   Ya gəzən bir ölü, yaxud gömülən bir diriyəm,

   Mumyadır canlı da, cansız da bu qəbiristanda.

   Gömdülər ruhumu yüz min sənə məhkum kimi,

  Cismim ayrılsa da, ruhum qalacaq zindanda.

                                              Ruhun ölümü.

Yaxud:                                       

    Bilməyir gülməyi sakinlərinin mində biri,

    Bir vətən birikmiş bir ovucluq qarada.

    Quşu hicran gətirir, dalğası hüsran götürür.

    Mavi bir gözdə ələm qarasıdır Yassıada!

                                            Yassıada.     

     Və yaxud:                               

    Fazla bir şey deməyir qan da, mürəkkəb də mənə,

    Bağlaram ruhuma cəsəddən qoparıb bağlarımı.

    Yanaram, ey qələm, uğrunda ömür verdiyimə,

     Geri ver, ey qılınc, artıq mənə misralarımı!

                                      Qılınc və Qələm.

   Bu “qılınclar” və ya “baltalar” Anadolu türkünün tarixinə, mədəniyyətinə daha ölümcül zərbələr vurmuşlar. Hər zərbə ümumtürk tarixini, mədəniyyətini, dilini, dəyərlərini əks etdirən böyük və ulu bir rəsmin bəzi hissələrini ya qoparmış, ya da zədələyərək onun gözəlliyinə xələl gətirmişlər. Təbii ki tariximizdə bəzi səhvlərin olması təbii və anlaşılandır, lakin bizə təlqin edilən tarixdən çox uzaq tarixdir əsl tariximiz. Qərbin öz ölkə çıxarlarına görə qələmə aldığı tarix “başa düşüləndir”, ancaq öz daxilimizdə olan “qılıncların”, “baltaların” millətimizə vurduğu ziyan isə anlaşılmazdır. Atalarımız hər hərəkətlərini yanlışlarını və doğrularını bütün təfsilatı ilə fərq qoymadan yazmış və bu tarixi sənədlər Osmanlı arxivlərində qorunmaqdadır. Osmanlı dövlətinin belə davranışı, onu idarə edənlərin nə qədər səmimi, tarixlə üzləşməkdən çəkinmədiyini, insanlıq naminə hərəkət etdiyini göstərməkdədir. Tarixi sənədlərin bu qədər açıq və təfərrüatlı olmasına baxmayaraq Osmanlı arxivləri bilərəkdən təhrif edilməyə çalışılmışdır. M. Aslan haqlı olaraq bu məsələyə diqqət çəkir və sözdə “erməni soyqırımı” məsələsi alverə çevrilməzdən əvvəl bizi oyatmağa çalışmışdır:

    “Hər birisində tarixin bir nöqtəsi, bir ölkənin taleyi, nə qədər insan həyatının əksi olan bu tarixi sənədlərə əsrin əvvəllərində çox ucuz münasibət bəslənilmişdir. 1931-ci ildə milyonlarla Osmanlı vəsiqəsi arxiv sənədlərindən götürülərək makulatura kimi yük maşınlarına doldurularaq xarici dövlətlərə satılmışdır” (3, 123).

      Xüsusilə Bolqarıstana və digər Avropa dövlətlərinə satılan bu arxiv sənədlərini əldən çıxardıqdan sonra tarixi eybəcərləşdirmək və saxtalaşdırmaq daha asan hala gəlmişdir. Yaranmış belə bir vəziyyətdə hər hansı bir dövləti barbar da elan etmək mümkün olur, insanlıq suçu işləmiş də. Yuxarıda qeyd edilən məsələləri izah etdikdən və açıq formada bütün həqiqətləri ortaya qoyduqdan sonra Sovet rejiminin reallıqlarını nəzərə alaraq Osmanlı dövləti haqqında iddia olunan “imperialist” dövlət iddialarını şair M. Aslan da dilə gətirməkdədir:

      “Burdan qalxan ordular amansız pəncələrində əllərinə keçən şəhəri yerlə-yeksan eləyib. Osmanlı imperiyası adı gələndə qitələr lərzəyə düşüb” (3, 124).

Sanki M. Aslan burada tarixi faktlardan söhbət açmır, uşaqlara anladılan nağıldan bəhs edir. M. Aslan bu iddiaları ciddi olmayaraq vermişdir, elə oxucu tərəfindən bu iddiaların reallığı nəzərə alaraq yazıldığı çox güman ki anlaşılandır. M. Aslan tarixi həqiqətlərdən söz açaraq başlaması oxucunu bu məsələyə əvvəlcədən hazırlamışdır.  Həm də yəhudiləri Avropalıların soyqırımından qurtaran, fəth etdikləri torpaqlarda yaşayan insanların həm dinlərini, dillərini, mədəniyyətlərini qoruyub saxlaması Osmanlı dövlətinin belə davranışlardan uzaq olduğunu bir daha təsdiqləməkdədir.

 Z. Yaqub isə cəmiyyətdə baş verən həmin proseslər səbəbi ilə “meydan şairi” xüsusiyyətindən istifadə edərək ictimai proseslərdə fəal iştirak etmək, haqq səsini daha geniş  kütləyə çatdırmaq əzmindədir. Onun Aşıqlar Birliyinin sədri olması, tez-tez dövrü mətbuatda çıxış etməsi bunun əyani sübutudur. Buna baxmayaraq, bu məsələni hər dövr üçün ümumiləşdirmək də düzgün olmazdı. Şair M. Aslanı da bir dönəm meydan şairi saymaq olardı, lakin təəssüflər olsun ki, vaxt, zaman öz işini görür. Bu səbəbdən belə bir yorğunluğun Z. Yaqubda da görüləcəyi mümkündür.   

    Müşahidələr təsdiq edir ki, bu iki şairimizin yaradıcılığının oxşar yönləri çoxdur, bunları əsasən 2 yönə ayırmaq olar. Birincisi, hər iki şairimizin aşıq-ozan sənətindən bəhrələnməsi, ikincisi isə yüksək mənəviyyat, vətənpərvərlik və İslam təfəkkürünə malik olmalarıdır. Əslində bu məsələlərin hamısı bir təbiətdən süzülüb haçalanır. Şair Z. Yaqub M. Aslanla dərd ortaqlığını şerində belə izah edir:

                             Qoşa dillənəydi qələm sazımla,

                             Baş-başa verəydi aləm sazımla.

                             Fərhad külüngümlə, Kərəm sazımla

                             Dağları dələydim, ay Məmməd Aslan.

                            Bu dərdi düşünən baş qalmayacaq,

                            Quruyan gözlərdə yaş qalmayacaq.

                            Nə bilim daş üstə daş qalmayacaq,

                            Mən hardan biləydim, ay Məmməd Aslan. (7, 85-86).                                                     

Ədəbiyyat:

  1. Yaqub Z., “Bir əli torpaqda, bir əli haqda”. Bakı, 1997, 487 s.
  2. Yaqub Z., “Şair Harayı”, Gənclik, Bakı-1995, 220 s.
  3. Aslan M., “Ərzurumun Gədiyinə Varanda”, İşıq, Bakı-1985, s. 250.  
  4. M. Aslanla səs qeydli müsahibədən
  5. http://www.artyazar.azeriblog.com/2008/04/20/oghuz-eli-yazar-memmed-aslan-chetin-adam
  6. Yagub Zelimhan, , Seni sevmək için geldim dünyaya / tərtib edən Ülkü İrfan, Kum Saati Yayıncılık, İstanbul-2003
  7. Yaqub Z., “Gözlərimin Nurudu Doğulduğum Bu Torpaq”, Pedaqogika, Bakı-2005, 208 s.
  8. Ateş S., “İstanbul’un fethiyle ilgili hadis gerçek mi?”, Vatan gazetesi, 21.05.2010

 http://haber.gazetevatan.com/haber.vatan?detay=istanbulun-fethiyle-ilgili-hadis-gercek-mi&Newsid=306717&Categoryid=4&wid=31

Post a comment or leave a trackback: Trackback URL.

Comments

  • Afərin  On November 4, 2010 at 8:18 am

    Maraqlı müqayisəli təhlildir… Məncə bu iki simanın ədəbi həyatının oxşarlığının əsas səbəblərindən biri Aşıq Şəmşirdir.. Səhv etmirəmsə Aşıq Şəmşirin bəyəndiyi ən boyük tələbələridir M.Aslanla Z.Yaqubdur… qidalandıqları bulaq eynidir…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: